Prezident TƏBİB-ə nəzarət etmək üçün Şura yaratdı

0
prezident-serencam-ilham-eliyev

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.

Fərmanda qeyd olunur ki, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir.

Bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir.

Bir sıra tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmanda bildirilir ki, 2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Qeyd olunur ki, bu qurumlar “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlər göstərilməsini davam etdirəcəklər.