Gələn aydan müəllimlərin sertifikatlaşdırılmasına başlanılır

0

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər. Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.

Sertifikatlaşdırma prosesinin növbəti mərhələləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı və təhsilverənlərin sertifikatlaşdırılması fərqli proseslərdir”.

Bineqedi.info saytı “Report”-a istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, MİQ müəllim olmaq istəyən namizədlər arasında rəqabətin izlənilməsi deməkdir və nəticədə işə qəbul prosesi aparılır: “Getdikcə də bu rəqabət çoxalır. Yaxşıların içərisindən də ən yaxşıları seçilir. Yəni müəllimlər bir-biriləri ilə rəqabət aparır. Lakin təhsilverənlərin sertifikatlaşdırılması fərqlidir. Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir”.

R.Əzizov vurğulayıb ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Onun sözlərinə görə, uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər.

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov isə söyləyib ki, müəllimlərin sertifikatlaşdırılmasında iştirak edən namizədlərin nəticələri yerdəyişmə prosesində nəzərə alınacaq. O bildirib ki, bu növbəti illərdə tətbiq olunacaq: “Yəni bu il üçün olmayacaq”.

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə, təxminən, 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlb olunması planlaşdırılır.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsinə məhz ibtidai təhsil səviyyəsi üzrə çalışan müəllimlərin cəlb olunmasına aydınlıq gətirib. O deyib ki, təhsildə məzmunla bağlı islahatlar məhz ibtidai siniflərdən başlayır.

R.Əzizovun sözlərinə görə, ibtidai siniflər təhsilin vacib pilləsidir: “Çünki həmin mərhələdə qazanılan biliklər gələcək nailiyyətlərə də təsir edir. Müxtəlif təhlillər də onu göstərir ki, şagirdlərdə oxuyub-anlama, riyazi mülahizələrin yaxşılaşdırılmasına ehtiyac var. Bu da ibtidai sinifdən başlayır. Ona görə ilk növbədə həmin səviyyə üzrə qiymətləndirilmə aparılacaq”.