Bu gün Brüsseldə Əliyev-Paşinyan görüşü olacaq

0

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olacaq.

Həmçinin Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü nəzərdə tutulur.

Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanla təkbətək görüşü də istisna olunmur.

Xatırladaq ki, 2021-ci il dekabrın 14-də Brüsseldə bu formatda görüş keçirilmişdi.

Brüsseldə hazırkı görüşlərdə isə sülh platforması formalaşır. Hesab etmək olar ki, bu gün baş tutacaq görüşlər onsuz da fəaliyyətsiz olan ATƏT-in Minsk Qrupunun prosesdən tam kənarlaşdırılmasına gətirib çıxaracaq.

Bu proses çərçivəsində əsas gözlənti birbaşa Bakı-İrəvan formatının yaranmasıdır. Əgər Paşinyan öz sələfləri olan Robert Koçaryan və Serj Sarkisyanın, həmçinin özünün əvvəlki səhvlərini yenidən təkrarlamasa, regionda davamlı sülhün təmin olunmasına başlana və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Daha çox Ermənistana lazım olan Azərbaycanın sülh təklifi əbədi masada olmayacaq. Bunu Azərbaycan rəsmiləri dəfələrlə vurğulayıblar. Deməli, aprelin 6-sı həm də Ermənistan üçün prinsipial seçim tarixidir. “Qafqazinfo”