“Rusiya ilə imzalanmış bəyannamə tarixi, siyasi və humanitar mahiyyəti ilə xüsusilə seçilir”

0
vusar ismayilov

Fevralın 22-də Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannaməyə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov münasibət bildirib.

Bineqedi.info saytı bu barədə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatına istinadən məlumat verir.

Bəyannamənin tarixi və siyasi əhəmiyyətinə toxunan partiyanın rayon təşkilatının sədri Rusiya ilə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin uğurlu perspektivlərindən bəhs edib. Bildirib ki, Azərbaycan sülh və əməkdaşlıq münasibətlərinə hər zaman üstünlük verir və bütün münaqişələrin, mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Ölkəmiz bütün dünya dövlətləri ilə sıx əlaqələrin qurulmasında, qarşılıqlı hörmət və rəğbət əsasında bütün sahələr üzrə əməkdaşlıqda maraqlıdır. Lakin təəssüflər olsun ki, bəzi tarixi, siyasi hadisələr onu göstərir ki, Ermənistan kimi işğalçı bir ölkə terrorçu mahiyyətinə söykənərək əsassız ərazi iddiaları, müxtəlif vaxtlarda törətdiyi soyqırımı və qətliamları ilə danışıqlar proseslərinə ciddi zərbə vurmaqla alternativ yola əl atmağa məcbur edir. Bu baxımdan Azərbaycanın tarixi ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın idi ki, işğal altında saxlanılmasına, orada vandalizm aktlarının törədilməsinə dövlətimiz və xalqımız heç bir zaman sonsuz səbr nümayiş etdirə bilməzdi. Çünki Azərbaycan nə qədər tolerant, sülhsevər olsa da dövlətinin və xalqının maraqlarını hər şeydən üstün tutur, ərazi bütövlüyünün bərpası özünün ən əsas və vacib məqsədidir. Vətən müharibəsində qazandığımız qələbə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, eyni zamanda dünyadakı və regiondakı artan gücündən və nüfuzundan xəbər verir. Artıq Azərbaycan dünya dövlətlərinin bərabərhüquqlu və ən etibarlı strateji tərəfdaşlarından biridir. Dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı münasibətlər və irimiqyaslı iqtisadi, siyasi layihələr bütün bunları deməyə əsas verir. Təbii ki, Rusiya ilə yaxın qonşuluq və dostluq münasibətlərinin davamlı və intensiv xarakter alması da bu mənada əhəmiyyətlidir və iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişafına zəmin yaradacaq əsas amillərdəndir. Bundan əvvəl Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında bir sıra sənədlər imzalanıb. Fevralın 22-də imzalanmış müvafiq bəyannamə isə öz tarixi, siyasi və humanitar mahiyyəti ilə xüsusilə seçilir.

Vüsar İsmayılov açıqlamasında vurğulayıb ki, Vətən müharibəsi zamanı Rusiyanın təmkinli davranışı, Ermənistanın çoxsaylı müraciətlərinə baxmayaraq ən yüksək səviyyədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisini işğaldan azad etməsini vurğulaması və Rusiya Prezidenti Vladimir Putinin Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı dəfələrlə çıxış etməsi xüsusi xatırladılmalıdır: “Müttəfiqlik Bəyanatı 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə imkanlar verəcək. Sənəddə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Bu, Azərbaycana separatistlər və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir. Bəzən bəyannamə ətrafında həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Lakin mən əminliklə bildirirəm ki, Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri rəsmi Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə mane olmayacaq. Azərbaycan qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və onlarla da qarşılıqlı əməkdaşlıq münasibətlərini qoruyub, saxlayır. Bir sözlə, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Bəyannamə yalnız Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətləri tənzimləyir, bunun Moskvanın digər ölkələrlə münasibətlərinə heç bir aidiyyatı yoxdur. Azərbaycan və onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib”.

Partiyanın rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə Azərbaycan çoxşaxəli, prinsipial, öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.

Vüsar İsmayılov ölkəmizin Rusiya və digər qonşu ölkələrlə yanaşı, Avropa İttifaqı ilə münasibətlərinin də yüksələn xəttlə inkişaf etməsinin təqdirəlayiq olduğunu və dövlətimizin maraqlarına xidmət etdiyini diqqətə çatdırıb: “Azərbaycanın Avropanın enerji təchizatında təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Mütəmadi olaraq NATO rəhbərliyi ilə keçirilən görüşlər  və Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürün ifadə edilməsi deyilənlərə sübutdur”.

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni xatırladaraq bildirdi ki, Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir: “Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir”.

Vüsar İsmayılov təəssüflə bildirib ki, bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi qətiyyən yolverilməzdir. Bəyannamədə Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddialar tam yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında  yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin bütün amalı dövlətimizin və xalqımızın maraqlarının qorunmasına, müdafiəsinə və reallaşdırılmasına səfərbər olunub. Bu cür maraqlı qüvvələrə imkan verməməliyik ki, dövlətimizin inkişafına və digər dövlətlərlə münasibətlərinə xələl gətirməyə hesablanmış addımlar atılsın.

Bineqedi.info