“Prezidentin müsahibəsi Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır”

0
prezident-yerli-telekanallar-musahibe

“Dövlət başçısı İlham Əliyevin  yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir daha ötən ildə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik və hərbi  sahədə qazandığı uğurlara  və onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir baxış kimi dəyərləndirilir. Ölkə Prezidenti hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqidən bəhs edərək Azərbaycanın iqtisadiyyatını düzgün qurması nəticəsində əldə etdiyi nəticələri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq bildirmişdir ki, iqtisadi və sosial siyasətimiz biri-birini tamamlayır. İqtisadi islahatların davamlılığı ölkənin dayanıqlı inkişafının əsasıdır. Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Prezident İlham Əliyev daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Müharibədən yeni çıxan, eyni zamanda iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirən ölkənin əldə etdiyi nəticələr münbit iqtisadi şəratin mövcudluğundan xəbər verir. Dövlət başçısının ötən ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq üçün bu torpaqlara səfərləri ilə yanaşı, digər regionların da sosial-iqtisadi inkişafı diqqətdən kənarda qalmadı. Əsas məqsəd hər bir bölgənin malik olduğu potensial imkanlardan maksimum istifadə edərək qeyri-neft sektorunun inkişafını sürətləndirmək, bununla da Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdir. Ötən ilin uğurlarına söykənərək formalaşdırılan 2022-ci ilin dövlət büdcəsi də cari ildə görüləcək işlərin aydın mənzərəsini yaradır. Dövlət başçısının müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri də məhz bu idi”.

Bineqedi.info xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının, müsahibələrinin mahiyyətində dayanan əsas məsələlərdən biri şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əldə olunan nəticələrdir: “Ölkə Prezidenti müsahibəsində bu çağırışları bir daha diqqətə çatdırmışdır ki,  bu il də  bu sahədə mübarizə davam etdiriləcək. Son illər  göstərilən  qətiyyət və sözlə əməl arasında  vəhdət hər kəs üçün dərs olmalıdır.  Korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalı və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Heç kim  məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir.  Heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

Hər bir ölkənin bütün sahələr  üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizin dayanıqlı inkişafının təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Ölkə Prezidenti  vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara  daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət  göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan ölkəmizdə kadr islahatlarının, Azərbaycan  brendi kimi nüfuz qazanan “ASAN xidmət”, DOST layihələrinin həyata keçirilməsində də şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir”.
“Dövlət başçısı yerli televiziyalara müsahibəsi vasitəsilə bir daha aidiyyəti qurumlar qarşısında  bu tələbi  qoydu ki, bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənilmə əmsalı 98 faizdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ölkə Prezidenti üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir: “İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsi bir daha bu reallığı təsdiqlədi ki, dövlətini, xalqını sevən, hər an onun gələcəyi barədə düşünən Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir, məğlubedilməzdir. Məhz Vətən müharibəsində Qələbəmiz Prezident İlham Əliyevin adını tarixə qalib, Müzəffər Sərkərdə, Azərbaycan xalqını məğlubedilməz, qürurlu xalq, ordumuzu rəşadətli, qalib ordu kimi yazdı. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün vətəndaşların dövlət başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi Prezident-xalq sevgisini, həmrəyliyini nümayiş etdirdi. Dövlət başçısının sözügedən  müsahibəsi  bir çox məqamlara işıq salınmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə  quruculuq və bərpa işlərinin insanların rahatlığını tam təmin edəcək şəkildə həyata keçirilməsi ilə bağlı səsləndirilən fikirlər Prezidentimizin hər bir vətəndaşının yanında olmaqla yanaşı, müstəqil Azərbaycanımızı daha güclü, qüdrətli dünyaya təqdim etməkdir. Ölkə Prezidenti bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il dövlətin qayğısı ilə əhatə olunsalar da həmişə  öz torpaqlarının həsrəti ilə yaşamışlar.  Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalı, bütün inşaat işləri şəffaf aparılmalıdır. Maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.

YAP Xətai rayon təşkilatının sədri müsahibədə yer alan  postmünaqişə dövrünün reallıqlarından, dünyanın əksər dövlətlərinin bu reallıqları hansı səviyyədə qəbul etmələrindən, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmamasından, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında dünya güclərinin marağından, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və siyasi çəkisindən,  Avropa İttifaqı-Azərbaycan əlaqələrindən geniş bəhs edərək əsas diqqəti hazırkı dövrdə sülh müqaviləsinin zəruriliyi məsələsinə yönəldib: “Ölkə Prezidenti bir daha bildirdi ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. Bü müqavilə  imzalansa da, imzalanmasa da Azərbaycan  öz hərbi gücünü,  qüdrətini daim artıracaq və artırmalıdır. Hazırkı durumda Ermənistanın tərəddüdü diqqətdən kənarda qalmır. Bütün hallarda Ermənistan hakimiyyətinin öz havadarlının fikrindən asılılığı özünü aydın şəkildə göstərir. Xatırlasaq, Ermənistanın baş naziri açıqlamalarında sülh müqaviləsinin imzalanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif gözlədiklərini bildirmişdir. Amma unudur ki, məhz 30 ilə yaxın dövrdə həmin təklifləri gözləməklə hazırkı vəziyyətin yaranmasına gəlib çıxıblar. Azərbaycan istər müharibə, istərsə də postmünaqişə dövründə uğurlu siyasəti ilə daim inkişaf yolunda olub. Həyata keçirdiyi siyasətində müstəqil olan dövlətin iqtisadi tərəqqisi qaçılmazdır və bu da öz növbəsində siyasi müstəqilliyə əsas yaradır. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə burada əsas müddəlardan biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistanın bu addımı atmaqda tərəddüd etməsi də hər zaman olduğu kimi, bu gün də dünyanın bəzi güclərinin əlində oyuncağa çevrilməsi ilə bağlıdır. “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi” söyləyən dövlət başçısı Ermənistana bu mesajı da ünvanladı ki, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Biz heç nə itirməyəcəyik. Amma itirən tərəf Ermənistan olacaq”.