Binəqədi Rayon 4-cü Polis Şöbəsinə aparılan şəxs niyə ölüb? – DİN-dən açıqlama

0
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda əməliyyat nəticəsində saxlanılıb polis şöbəsinə aparılan şəxs orada vəfat edib.

Hadisə Binəqədi Rayon 4-cü Polis Şöbəsində qeydə alınıb. Polis əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilən 1980-ci il təvəllüdlü Məmmədov Gəncəvi Cahangir oğlu orada vəfat edib. Yaxınları onun Şöbədə döyüldüyünü, daha sonra öldüyünü iddia ediblər.

Onların sözlərinə görə, G.Məmmədov dekabrın 20-də axşam saatlarında saxlanılıb. Dekabrın 21-də isə onun meyitinin morqda olması barədə yaxınlarına məlumat verilib. Ailə üzvləri dəfn zamanı meyitin üzərində xəsarətlər gördüklərini deyirlər.

Bineqedi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Gəncəvi Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilindiyi üçün saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilib: “Şöbəyə çatan zaman o, ürəyində ağrılarının olması barədə polisə məlumat verib. Dərhal bu barədə təcili tibbi yardıma məlumat verilib. Təcili tibbi yardım gələnə kimi isə həmin şəxsə polis əməkdaşları ilkin yardım göstəriblər.

Polis tərəfindən saxlanılan şəxs şöbədə öldü

Amma edilən cəhdlərə baxmayaraq, Gəncəvi Məmmədov Şöbənin dəhlizində dünyasını dəyişib. İlkin müayinələr zamanı onun ürək çatışmazlığından dünyasını dəyişdiyi məlum olub. Polis şöbəsində həmin şəxsə xəsarət yetirildiyi və ya fiziki zor tətbiq edildiyi barədə səslənən iddialar tamamilə əsassız və yalan informasiyalardır. Həmin şəxs saxlanılandan sonra şöbədə xidməti otağa və ya müvəqqəti saxlama yerinə aparılmayıb, dəhlizdə olarkən ürək ağrılarından şikayət etməyə başlayıb”.

Ailə üzvləri isə G.Məmmədovun hər hansı xəstəliyi və səhhətində narahatlığı olmadığını, əvvəllər məhkum edilmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini iddia edirlər.

Amin Nəzərli