Şuşada təxribat törədən erməni ilə bağlı – Rəsmi açıqlama

0

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlama yayıb.

13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri  cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində  terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb.

Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə  qəsdən öldürülmələrinə cəhd edib.

Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.