Binəqədinin qəhrəman oğlu – şəhid İbrahimov İbrahim Abdulla oğlu

0

İbrahimov İbrahim Abdulla oğlu 10 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2018-ci ildə Şəhid R. İmanov adına 205 saylı orta məktəbdə orta təhsil başa vurduqdan sonra Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Kollecinin “Nəqliyat Daşımalarının Təşkili” ixtisasında natamam ali təhsili almışdı.
Bineqedi.info-ya verilən məlumata görə, 2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə çağırıldı. İbrahim öz təhsilini dondurub hərbiyə getdi. O, Füzulidə xidmət edirdi, minaaxtaran idi. 2020-ci ilin iyun ayında xidməti bitirdi. Müddətdən artıq hərbi xidmətdə qalaraq pulemyotçu əsgər olaraq işə başladı. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərmişdi. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək ən uca Zirvə- Şəhidlik zivəsinə ucaldı . Noyabrın 12-də Bakı şəhərində Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bacısı İbrahimova Cahanxanım: “Biz 2007-ci ildə məktəbə birlikdə getmişik, hətta bir parta arxasında otururduq. Hər günümüz birlikdə keçirdi. Repetitor yanına belə birlikdə getmişik. İbrahim 2-ci qrupa hazırlaşırdı mən isə 3-cü qrupa. İkimizdə qəbul olduq. O, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Kollecinin “Nəqliyat Daşımalarının Təşkili” ixtisasına qəbul oldu, mən isə ADMİU-ya qəbul oldum. Futbola marağı vardı və əlavə olaraq kompyuter oyunları oynamağı sevərdi. Ən çox silah oyunlarına maraq göstərirdi.“
İbrahimin tarix müəlliməsi: “Bəzən hər hansı bir işdə sayılıb-seçilən deyildiyi kimi, Şəhidlik zirvəsinə ucalanlar da həqiqətən sayılıb-seçilmiş oğullar oldu. O oğullardan biri idi İbrahim. Öz qorxmazlığı, cəsurluğu, mərdliyi ilə tanınırdı məktəbdə. Şagirdlər arasında sözü bütöv, sirr saxlayan, əsl sirdaş kimi böyük hörmət qazanmışdı. Aşağı sinfin şagirdlərinə mərhəmətlə yanaşır, bəzən onların çantalarını pilləkənlərlə qaldırmaqlarına yardım edirdi. Həqiqətən məktəbin hörmətli, sevilən şagirdlərindən idi. Bir dəfə İbrahimgilin sinİfini “Şəhidlər Xiyabanı”na aparmışdım. Evə qayıtmaq zamanı gələndə gördüm ki, İbrahim bir məzarın qarşısında dayanıb səssizcə baxır. Yaxınlaşdım ki, gəl oğlum artıq gecdi, evə gedək, dedi: “Müəllimə, bu şəhidlərin qanı yerdə qalmayacaq. Şəxsən mən özüm onların qisasını alacağam”
İbrahimin sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Tacirə xanım:”İbrahim çox sakit, gülərüz, mehriban vətənpərvər bir şagird idi. Nurani bir çöhrəsi vardı. O, rəqsi çox sevirdi. Son zəng tədbirimizdə elə gözəl rəqs etdi ki, gözlərimin qarşısından getmir. İbrahim haqqında xatirələr insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi bir yaşlı qəhrəmanın qarşısında hər birimiz baş əyirik. Şəhidlik zirvəsinə qovuşanda o, ömrünün bahar çağını yaşayırdı. İllər ötəcək, İbrahim bu yaşda, ömrünün baharında qalacaqdır.”
Müəlliməsi Elnurə xanım: “Müəllim üçün parta arxasında oturan hər bir şagird cəmiyyətin bir üzvü, bir parçasıdı. Onu elə yönləndirmək lazımdır ki, gələcəyi öz çiyinlərində daşıya bilsin. İbrahim də mənim üçün digər şagirdlər kimi Vətənin bir övladı, bir parçası idi. Onun parlaq gözlərində həmişə bir kədər vardı. Sakit duruşu, səssizliyi sanki yaşadığı həyatın çətinliyini anladırdı. Dərslərdə vətənpərvərlik mövzusunda danışanda diqqətlə qulaq asar və yoldaşları ilə müzakirələrdə iştirak edərdi. Vətənin qəhrəman oğlu, Allah sənə rəhmət eləsin. Bu xalqı, bu Vətəni siz yaşadırsınız. Biz hər birinizin qarşısında baş əyirik.”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz İbrahim İbrahimovun doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin