Kamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqazın perspektivlərinə həmişə barış prizmasından yanaşır”

0

“Azərbaycanla müqayisədə Ermənistanın nə iqtisadi, nə də hərbi cəhətdən güc balansı qətiyyən işğalçı dövlətin xeyrinə deyil. Belə bir durumda Azərbaycana meydan oxumaq, yeni ərazi iddiaları ilə çıxış etmək və insan tələfatına səbəb olan təxribatlara yol vermək Ermənistan üçün yalnız özünəqəsd kimi dəyərləndirilə biləcək addımlar idi. Ölkə Prezidenti cənab İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində son dərəcə dəqiq olaraq vurğulamışdır ki, böyük ehtimalla Ermənistanda 2018-ci ildə hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəmiş, lakin bu məqsədə nail olmaq üçün atacağı addımların hesablanmasında çox böyük xətalara yol vermişdir. Bunun məntiqi sonluğu da  acı məğlubiyyətlə nəticələnmişdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

II Qarabağ savaşının başlanmasında Ermənistanla yanaşı bu ölkənin hərbi-siyasi rəhbərliyinə havadarlıq edən bəzi dövlətlərin, həmçinin 30 il ərzində münaqişənin həllində vasitəçilik edən beynəlxalq təşkilatların da rolu olduğunu qeyd edən millət vəkili bildirib ki, bu gün Azərbaycanı hərbi əməliyyatlara başlamaqda günahlandırmağa heç kəsin nə hüquqi, nə də mənəvi haqqı var: “Azərbaycan Prezidenti son bir neçə ildə gedən proseslərin təhlilinə əsaslanaraq beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar etmişdi ki, Ermənistan yeni ərazilər zəbt etmək üçün hərbi əməliyyatlara başlamaq niyyətini açıq-aşkar nümayiş etdirir və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Lakin ermənipərəst qüvvələr dövlət başçımızın bu çağırışlarının cavabsız qalmasına nail ola bildilər.

Bundan başqa, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupuna dəfələrlə belə bir təkliflə müraciət etmişdi ki, Ermənistana qarşı BMT Qətnamələrini icra etmədiyinə görə müvafiq sanksiyalar tətbiq edilsin. Təbii ki, bu qurum işğalçı ölkəyə ciddi təzyiq göstərsəydi, Ermənistan məcbur olub Azərbaycan torpaqlarından çıxacaqdı. Bu zaman müharibə də olmazdı. Ancaq Minsk qrupu bu təzyiqi etmədi. Onlar sadəcə Azərbaycanı mümkün qədər hərbi əməliyyatlara başlamaqdan çəkindirməyə və son illər isə hətta status-kvonu davam etdirmək istiqamətində müəyyən addımlar atmağa çalışdılar. Azərbaycan və şəxsən ölkə Prezidenti cənab İlham Əliyev müharibənin başlanmaması üçün bütün mövcud imkanlardan sonadək istifadə etdi. 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Paşinyan hökuməti isə bu danışıqlara çox böyük zərbə vurdu. Bu rejimin yersiz və çox məsuliyyətsiz açıqlamaları müzakirə prosesini iflic etdi. Minsk qrupu isə bu vəziyyətdə belə konkret tədbirlər görmədi. Cəzasızlıq hissi işğalçıların əl-qolunu bir qədər də açdı. Ermənistanın təxribatları müntəzəm xarakter almağa başladı. Ötən ilin iyul ayında Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribat törətdi və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak oldu. Avqust ayında Ermənistan ərazisindən böyük bir təxribat qrupu təmas xəttini keçdi və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Nəhayə,t sentyabrın 27-də yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutuldu. Biz yenə də şəhidlər verdik. Lakin bu dəfə artıq Ali Baş Komandanın əmrilə ordumuz genişmiqyaslı əks-hücum əməliyyatına başladı və bu əməliyyat böyük Zəfərlə nəticələndi.”

Kamaləddin Qafarov qeyd edib ki, Prezident İlham Əliyev bu gün Cənubi Qafqazda sülhün və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması üçün yalnız Azərbaycanın üzərinə düşən vəzifələri icra etməklə kifayətlənmir, həmçinin bu məqsədə nail olmaq üçün Ermənistanın və digər maraqlı ölkələrin hansı addımları atmalı olduqlarına dair dəyərli fikirlər söyləyir: “Artıq Vətən müharibəsi başa çatıb, Azərbaycan öz ərazilərini bərpa edib və Cənubi Qafqazda həyat yeni reallıqlar fonunda davam edir. Əlbəttə ki, regionda davamlı sülhə və inkişafa nail olmaq üçün istər region ölkələri, istərsə də qonşu dövlətlər və ümumiyyətlə, bütün maraqlı tərəflər müəyyən öhdəliklər götürməli və bu öhdəliklərdən çıxan vəzifələrin icrasını təmin etməlidirlər. Azərbaycanın hazırda bu aspektdən ən fəal ölkə olduğu birmənalıdır. Ölkəmiz müharibə bitən gündən konkret təklif və təşəbbüslərlə çıxış edib və bu gün də regional sülhan və inkişafın təminatı üçün real işlər görməkdə davam edir. Lakin biz bunu hələ ki, nə Ermənistandan, nə də özlərini hələ də vasitəçi adlandıran ölkələrdən görürük.

Azərbaycan Prezidenti öz müsahibəsində tamamilə haqlı olaraq qeyd etdi ki, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bunun əvəzində isə hansısa status barədə yersiz və mənasız mövzuların müzakirəyə çıxarılmasına cəhdlər göstərilir. Halbuki, Prezident İlham Əliyev bu günlərdə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasındakı çıxışında da bütün ölkələrə müraciət edərək bildirib ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, çünki Azərbaycan ərazisində belə bir inzibati ərazi vahidi yoxdur. Əlbəttə ki, Minsk qrupunun fəaliyyət dairəsi hələ tam tükənməyib. Məsələn, bu qurum Azərbaycan və Ermənistan arasında etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistana sülh müqaviləsini imzalamağın onun üçün nə qədər faydalı olduğunu izah etmək və sairə.”

Kamaləddin Qafarov Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində  Zəngəzur dəhlizi barədə söylədiklərinin əhəmiyyətini bir daha vurğulayaraq bunları deyib: “Zəngəzur dəhlizinin açılmasının vacib şərt olduğunu və bunun Ermənistanla əlaqələrin normallaşması istiqamətində atılacaq çox önəmli bir addım olacağını deməklə möhtərəm dövlət başçımız bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə məhz barış prizmasından yanaşır. Azərbaycan dövləti Ermənistanı 10 noyabr Bəyanatını imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. Digər tərəfdən isə hadisələrin məhz bu istiqamətdə inkişafı ilk növbədə Ermənistanın özünə xeyirdir. Ölkələrimiz arasında güc nisbəti açıq-aydın Azərbaycanın xeyrinədir. Əslində, işğal dövründə də bu məlum idi. İndi isə bunu bütün dünya görür. Ona görə də indiki şəraitdə Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, daha vacibdir. Azərbaycan Ermənistan olmasa da yaşaya bilər və biz bundan sonra daha yaxşı yaşayacağıq. Ermənistanın isə müharibə nəticəsində durumu daha da pisləşdi. Möhtərəm dövlət başçımızın dediyi kimi, daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın.”

Sonda Kamaləddin Qafarov bu məqamı da xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Qarabağın erməni əhalisinin gələcəyinə dair ifadə etdiyi fikirlər bir daha dövlət başçımızın insanpərvərliiyindən xəbər verir və monoetnik Ermənistandan fərqli olaraq, ölkəmizdə hər zaman tolerantlıq və multikulturalizm prinsiplərinə riayət olunduğunu sübut edir: “Ermənistan hökuməti özünün işğalçı siyasəti ilə təkcə öz xalqını deyil, həmçinin Azərbaycan ərazisində yaşayan erməni əhalisini də səfalətə məhkum edib. Bu gün Qarabağ ərazisində yaşayan ermənilər işsizlik və ümidsizlik vəziyyətindədirlər. Konkret hallar var ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə Azərbaycanın Şuşadakı hərbi mövqelərinə yaxınlaşıb onların da bərpa-yenidənqurma işlərinə cəlb olunmaları xahişi ilə müraciət edibıər. Öz müsahibəsində bu kimi hallara toxunan Prezident İlham Əliyev bir daha bildirdi ki, orada yaşayan ermənilər Azərbaycan vətəndaşları sayılırlar. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub – istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, istəsə də işğal dönəmində. Sadəcə olaraq, həmin insanlar da bunu qəbul etməlidirlər, öz yaxalarını erməni təbliğatından qurtarmalı və bununla da  öz gələcəklərini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər.”milli.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin