Binəqədinin qəhrəman oğlu – şəhid Dövlətli İskəndər Vüqar oğlu

0

Dövlətli İskəndər Vüqar oğlu 24 sentyabr 1992-ci ildə Lerik rayonu, Soru kəndində dünyaya göz açmışdır. Ailənin ilk övladı olmuşdur.

Bineqedi.info-ya verilən məlumata görə, İskəndərin beş yaşı olanda ailə Xırdalan şəhərinə köçmüşdür. İskəndər Xırdalan şəhəri, 5 nömrəli tam orta məktəbdə 7-ci sinfə kimi təhsil almşdır. 2007-ci ildə İskəndərgil Xırdalandan Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə köçmüşdür. 2007-ci ildə 313 nömrəli tam orta məktəbdə təhsilini davam etdirərək, 2009-cu ildə 9-cu sinfi bitirmiş və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olmuşdur. Kolleci bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə çağrılmışdır. 18 ay hərbi xidmətini bitirdikdən sonra 2016-cı ilin oktyabr ayında könüllü olaraq hərbidə gizir rütbəsində xidmətə başlayıb. İskəndər 28 aprel 2018-ci ildə ailə həyatı qurmuşdur. 20 avqust 2019-ci ildə İsmayıl adında bir oğlu dünyaya gəlmişdir.
O, 2020-ci ilin sentyabr ayının 27-si başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşə atılmış, xüsusilə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. 30 oktyabr 2020-ci ildə Vətən müharibəsinin Hadrut cəbhəsində Şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Bacısı Cəmalənin söhbətlərindən: “Qardaşım haqqında danışmaq mənə çox çətindir. Gözümü açandan onu görmüş, onu örnək almış, onun cəsur ve yüksək mədəniyyətli davranışlarını bir bacı olaraq izləmişdim. Qardaşımdan gördüyüm qayğı və sevgi həm ana, ata, həm də vəfalı dostun sevgisi və qayğısıydı. Nömrəsini hələ də telefonumdan silməmişəm, yoxluğu içində özümü arxasız, yalnız hiss edirəm. Aramızda iki yaş fərq olsa da, əkiz kimi böyümüşük. Sinif yoldaşı olmuşuq. Birlikdə yaşadığımız xatirələr kitaba sığmayacaq qədər çoxdur. Futbola çox həvəsi vardı. Bu xüsusiyyəti mənə də keçmişdi və futbolu onunla birlikdə izləməyə başlamışdıq. Sevdiyi oyunçu Şevçenko idi. Mən ailə həyatı qurduqdan sonra da bizə tez-tez gələr, mənə və övladlarıma baş çəkərdi. Dürüst insan idi, haqsızlığı sevməzdi. Qohumcanlı idi. İskəndərin müharibəyə getdiyini mən sonradan öyrəndim, məndən gizlədirdilər. Onun yolunu dualarla gözləyirdim, amma Tanrı onu öz dərgahına apardı. Şəhidlik zirvəsinə ucaldığı üçün onunla fəxr edirəm. Amma yoxluğu ilə barışa bilmirik. Atam İskəndərdən 33 gün sonra dünyasını dəyişdi. Allah ikisinə də rəhmət etsin.“
Həyat yoldaşı Dövlətli Dilarənin dedikləri: “İskəndərin sevgisi və varlığı daim qəlbimdə yaşayan və ruhunun ucaldığı göylərdən bizi, sevdiklərini izlədiyini bildiyim insandır. Sadəcə evimdə, ya da həyatımda deyil, varlığını düşüncələrimdə, ruhumda hiss edirəm. Mənə qarşı həmişə çox diqqətli idi. Ad günlərimdə, bayramlarda, özəl günlərdə həmişə sevindirirdi. O, sıradan bir gülləyə tuş gəlmədi. Amalı Vətən olan biri idi o. Vətəninə bağlı olan və bu bağlılığını daim yaşadan biri: Mən onunla 3 ilə yaxın bir zaman keçirmişəm. Şəkilləri çox olmazdı, sevməzdi şəkil çəkdirməyi. Hətta hərbidə olduğu vaxt bu şəkilləri çəkdirməyi üçün ona çox israr elədim. Qış fəslini çox sevirdi, bəyaz rəngi sevdiyi kimi. Futbola çox önəm verirdi. İskəndər əşyalarına çox bağlı idi. Uşaqlıqdan sahib olduğu oyuncaqlar hələ də durur. Qələmindən dəftərinə qədər hamısını saxlayırdı. Oğluna sərhədsiz sevgisini ola bildiyi qədər hiss etdirirdi. Bir ata olaraq İskəndər onun inkişafı, gələcəyi, sağlamlığı-ağlınıza gələ biləcək hər şeyi düşünürdü. Biz həmişə onun həyatının mərkəzində olmuşuq. Bizimlə son danışığı 4 oktyabrda olmuşdu. Ailə üzvlərinin hamısı ilə danışdı. Öncə valideynləri ilə, ən son mənimlə danışdı. Heç bir vəsiyyət etmədi, sadəcə ailəmiz haqqında danışdıq. İsmayılı soruşdu.
Anası ilə münasibəti barədə bunu deyə bilərəm ki, anasına çox bağlı idi. Anasının yeməklərinı çox sevirdi. Yemək bişəndə həmişə deyirdi: “Anamın yeməklərindən yoxdur.” Əgər anası evdə olmasa, gözü tez onu axtarar, harada olduğunu soruşardı.
Bacısı ilə çox xatirələri olub, bunun da əsas səbəbi aralarında iki yaş fərq olmasına baxmayaraq, eyni sinifdə oxumaqları olub. Hətta belə bir xüsusiyyətləri var imiş, İskəndər nə zaman lövhəyə dərs danışmağa çıxsa, bacısı Cəmalə çalışırdı, ona çətin suallar verməsin ki, qardaşı özünü məyus hiss etməsin. Düşünürəm ki, xatirələr nə qədər çox olsa da, hamısını danışmaq olmur.”
Xalasıoğlu, dostu, İlkinin söylədiklərindən: “Dostlar duz-çörək bölər, biz lazım gələndə sirrimizi, lazım gələndə dərdlərimizi bölmüşük. Ürəyi çox təmiz idi qardaşımın. Cəsur, mərifətli, qanacaqlıydı. Yerini bilən insan olub. Belə deyim, qarşısındakına cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, sırf insan olduğu üçün hörmət qoyan, layiqdirsə, dəyər verən biri idi. Biz həmişə bir yerdəydik. Ona “İsi” deyirdim, o da mənə “İkuş”. Onu qıcıqlandırmaqdan xoşum gəlirdi. Hər şeyə əsəbləşirdi, amma əsəbləşdiyi hər şey üçün üzünü güldürməyə çalışırdım. Onun üzünü güldürə bilən, həm də onu qıcıqlandıran mən idim. Qardaşım ürəyimi dağlayıb getdi. Qəlbimdə yaşayır. O öldü, amma ikimizi qoydular o məzara. Onun haqqında dastan danışardım, amma boğazım düyümlənir. Məni burada tək qoydu. Bizim qardaşlığımız dünya-axirətdir. (Kövrəldi). Bu gün ondan geriyə mənə qalan ən böyük sərvət onun oğludur. Özümə söz vermişəm, aldığım hər nəfəsdə İsmayıla yaxşı baxmağı özümə borc bilirəm.“
Xalası Məhluqə: “İskəndər deyəndə ağlıma mərd, dürüst, qohumlarına bağlı bir igid gəlir. Çox söz demək olar. Bizim aramızda 5 yaş fərq olduğuna görə onunla yaxın bir dost kimi idik. Müharibə başlayanda 1 ay ondan xəbər ala bilmədim. Hər kəsin səsini ona oxşadır, hər yerdə onu axtarırdım. O, şəhid olandan sonra yataq xəstəsi oldum. Çox deyirdi anasına: “Mən də şəhid olacağam.” Dedi və arzusuna çatdı.
Bizə gələndə biraz oturardı, sonra gedib yatardı. Onun toyunda onu çox oynatdım. Elə gedib oturardı. Şükür Allaha, toyu möhtəşəm keçdi. Çox deyirdim, “İsi, yoldaşını götür, gəl bizə.” “Gələcəyəm”- deyirdi, amma qismət olmadı.
Bacıma çox bağlı idi. Atası onun ölümünə dözə bilmədi. 40-ı çıxmamış, atası da dünyasını dəyişdi. Anası İskəndərin ölümü ilə barışmır. Yoxluğu həyatımızın axarını dəyişdi.”
Əmisi Şahin: “İskəndərin varlığı ürəyimizdə yaşayır. Yüksək, insani keyfiyyətlərə sahib bir oğul idi. Məsuliyyətinin fərqində, gülər üzlü, insanları incitməkdən çəkinən bir insan idi. Müharibədə olanda mənimlə əlaqə saxlayıb ehtiyaclarını soruşardı. Ailəsini sıxmamaq üçün əlindən gələni edərdi. Təmkini ilə seçilirdi. Atasına adıyla müraciət edərdi. Bizlər onu çox sevirdik. Amma indi onu yada salanda çox danışa bilmirəm. Hərbini çox sevirdi. Axırıncı dəfə evə gələndə anasına şəhid olmaq istədiyindən bəhs edib. Anasına çox bağlı idi. Atası ilə qardaş kimiydi. İskəndərin əmisi Dövlətli Aqşin də 1992-ci ildə Qarabağda şəhid olmuşdu. İskəndər onun intiqamını almaq istəyirdi. Aldı da!”
İskəndərin dayısı: “İskəndərin yoxluğuna indi də inana bilmirəm. Mən onunla dayı-bacıoğlu olmamışam. Uşaq yaşlarından mənim yanımda olub. Bir az böyüyəndən sonra Bakıya köçdülər. Bakıya köçəndə mən hərbi xidmətdə idim. Bakıya ezamiyyətə gələndə onlara gedərdim. Məndən həmişə hərbi xidmət haqqında maraqlanardı. Nə sirrim var idisə, onunla bölüşərdim. Gizli heç nəyimiz yox idi…”
İskəndərin qaynanası: “İskəndər düzgünlüyü sevən və həmişə hörmət saxlayan, tərbiyəli uşaq idi. Hələ də inanmıram onun yoxluğuna. Onun xalası düşərdim mən də. Anası ilə qohumuq, buna görə onu da övladım bilirdim, çətin olsa da, ondan geridə onun haqqında danışmaq qürur verdiyi qədər kövrəldir də. Allah onun ruhunu qorusun.”
İskəndərin qaynı: “İskəndərlə qohumluq əlaqələrimizlə yanaşı, isti münasibətimiz də vardı. Onun dürüst və əqidəli davranışı məni də həmişə heyran qoyurdu. Ailə olaraq ona dərin hörmətimiz var idi. Övladı isə bu gün bir dayı olaraq içimdəki sevginin qaynağıdır. Şəhidlik şərbətini içməyə hazır olan igidlərin şəkillərinə baxarkən onların gözlərində eyni mənzərəni görmək mümkündür. Hamısı qeyri-şərtsiz cəsarət və sarsılmaz iradəylə öz haqları uğrunda düşmənlə savaşmağa hazır, bu savaşa çıxarkən sevdiklərini arxada qoyub özləri qədər yüksək şəxsi keyfiyyətlərə sahib xanımlarına və analarına arxalanırlar. İskəndər bu şərəfli yolda öz nəslinin qürur mənbəyidi. Allah şəhidlərimizə rəhmət etsin!”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin sədri və fəal gəncləri, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları və Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər əməkdaşlar İskəndər Vüqar oğlu Dövlətli doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.
Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin