Binəqədinin qəhrəman oğlu – şəhid polkovnik-leytenant Ağayev Həmdəm

0

Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.
Bineqedi.info-ya verilən məlumata görə, Həmdəm Ağayev 1993-1994-cü illərdə – hələ 18 yaşında olarkən könüllü olaraq Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.
Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini – qərargah rəisi vəzifəsində xidmət eləyib. Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.
Həmdəm Ağayev oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.
Anası Roza Ağayeva: “Oğlum çox vətənpərvər idi. Bayraq üçün, torpaq üçün hər an canını verməyə hazır idi.”
Həmdəmin böyük qardaşı polkovnik-leytenant Mübariz Ağayev: “Həmdəmlə sonuncu dəfə oktyabın 5-i əlaqə yaratmaq mümkün olub. Həmin vaxt çox gərgin döyüşlər gedirdi. Mən zəng etmişdim. Sən demə o vaxtı yaralıymış ancaq mənə sadəcə bir az halsız olduğunu dedi. Yaralanmasına baxmayaraq son qanına qədər vuruşub, düşmənin xeyli sayda qüvvəsini məhv edib. Oktyabrın 9-u isə şəhid olub.”
Həyat yoldaşı Ramilə Ağayeva: “O insan sanki hərbi üçün doğulmuşdu.Vətəninə çox bağlı biri idi. Hərbi formasını o qədər qürurla daşıyırdıki… Mənim babam da 1992-ci ildə Şəhid olmuşdu. “
Qızı Aysu Ağayeva: “Atam hər saniyə ağlımdadı. Hara baxıram, onu xatırlayıram. Elə qəhrəman atanı kim unuda bilərki?”
Oğlu Ziya Ağayev: “Atam üçün çox darıxıram, amma adətən bunu bildirməməyə çalışıram. Bəzən evə kimsə gələndə atam olduğunu sanıram. Çox istəyərdim atam bir gün o qapıdan içəri girsin…”
Xidməti müddətində Ağayev Həmdəm “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “İgidliyə görə” medalı, Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı,”Hərbi xidmətlərə görə” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medal,” Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin sədri və fəal gəncləri, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, Həmdəm Mayıl oğlu Ağayevin doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.
Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin