Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı dünyasını dəyişib

0

Nəsirov Rafiq 1959-cu il mart ayının 14 mart tarixində Füzuli rayonunun Qorqan kəndində anadan olmuşdur. 1966-cı ildə həmin kənddə 1-ci sinifə başlamış, orta məktəbi 1976-cı ildə Yuxarı Seyidəhmədli kəndində bitirərərək, elə həmin il “Mübariz” adına üzümçülük sovxozunda fəhlə kimi işə başlamışdır.

Bineqedi.info-ya verilən məlumata görə,1977-1979-cu illərdə ordu sıralarında Çexoslavakiya Sovet Sosialist Respublikasında qulluq etmişdir. Əsgəri xidməti başa vurduqdan sonra yenidən “Mübariz” adına üzümçülük sovxozunda işləməyə davam etmişdir.
Rafiq müəllim 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasına daxil olmuş, 1984-cü ildə pedoqoji fakültənin əyani şöbəsini bitirdikdən sonra İmişli rayonuna təyinat almışdır. 1984-1987-ci illərdə İmişli rayon 5 nömrəli orta (beynəlmiləl) məktəbində bədən tərbiyəsi tədrisi üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.
1987-ci ildə təyinat vaxtı bitdiyi üçün Bakı şəhərinə qayıdan Nəsirov Rafiq 1987-1993-cü illərdə Binəqədi rayonu Biləcəri qəsəbəsi 3 saylı (indiki 298 saylı t.o.m) tam orta məktəbdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyyətinə davam etmişdir.
1993-cü ildə Binəqədi rayon Bədən Tərbiyəsi və İdman Komitəsinə sədr təyin edilmişdir.
1995-ci ildə Binəqədi rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin bazasında yaradılmış Gənclər və İdman İdarəsinə rəis təyin edilmişdir.
2002-2003-cü illərdə Gənclər, İdman və Turizm İdarəsinin rəisi olmuşdur.
2003-cü ildə “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda” nəzərdə tutulmuş I dərəcəli dövlət qulluqçusu olmuşdur.
2004-cü ildən 2009-cu ilin iyul ayınadək Binəqədi rayon Gənclər və İdman İdarəsində rəis müavini işləmiş, 2009-cu ilin iyul ayından bu günədək həmin idarədə idman sahəsi üzrə aparıcı məsləhətçi kimi işləyirdi.

Allahdan Rafiq müəllimə rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.