YAP Gənclər Birliyi “Ümumrespublika Xəmsə Festivalı”na start verib

0

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”na start verilib.
Bineqedi.info-ya verilən məlumata görə, festival iştirakçılarını salamlayan YAP Binəqədi rayon təşkilatının sədr əvəzi Ramiz Göyüşov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan edilməsini xatırladaraq, bununla əlaqədar oxşar tədbirlərin keçirildiyini qeyd edib.
“Nizami həm də ona görə dünya sivilizasiyasının görkəmli nümayəndəsi hesab olunur ki, o, əsərlərində bəşəri idealları tərənnüm edib” deyən Ramiz Göyüşov Azərbaycan xalqının tarixən həmin ideallarla yaşadığını vurğulayıb. Vətən müharibəsində işğalçı qüvvələr üzərində qazanılmış möhtəşəm Qələbənin bugünkü gəncliyimizdə özünəinam hissi yaratdığını qeyd edən sədr əvəzi tədbirin əhəmiyyəti barədə danışıb, gəncliyimiz üçün Nizami Gəncəvi irsinin elmə, zəhmətə, Vətəni sevməyə çağırış olduğunu diqqətə çatdırıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İmanov açıq havada keçirilən intellektual festivalın məqsədinin Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək vermək olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq.
Sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə” əsasında intellektual yarışmalara start verilib.
Sentyabr ayı ərzində davam edəcək layihənin finalı Gəncə şəhərində keçiriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin