Binəqədidə Şəhidin xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirilib – FOTO

0

Binəqədi rayonunda şəhid Zamin Rəhimovun adına inşa olunan bulağın açılış mərasimi keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, mərasimdə dövlət himni səsləndirilib və şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Cəbrayıl və Binəqədi rayonları İcra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Cəbrayıl rayonu icra başçısının birinci müavini Arif Fərzəliyev şəhidin qəhrəmanlığından söz açıb: “O, Qarabağda döyüşərkən şəhid olmağa deyil, mənfur düşməni məhv etməyə getmişdi. Qoy, şəhid valideynləri başlarını dik tutsunlar, çünki hamımız onlarla fəxr edirik. Şəhidlər haqqında hekayələr, povestlər yazılmalı, adları dərslik kitablarına salınmalıdır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, uzun illərdir Cəbrayılın işğal olunması gününün acısını yaşayırdıq, amma indi 8 noyabr – Qələbə bayramını qeyd edəcəyik.
“Şəhidlik uca məqamdır və hər kəsə bu adı qazanmaq nəsib olmur. Bu gün dövlət səviyyəsində şəhid ailələrinə və qazilərimizə böyük qayğı göstərilir. Dövlətimiz hər zaman onların yanındadır”, – deyə C.Məmmədov vurğulayıb.
Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayonu filialının sədri Səbuhi Hüseynov şəhid Zamin Rəhimovun vətənpərvər ruhda böyüdüyünü deyib. Bildirib ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğullarımız kimi, Zamin Rəhimov da ön cəbhəyə yollanıb: “Doğma ocaqlarından köçkün düşmələri balaca Zaminin yaddaşına əbədi olaraq yazılmışdı. Onun ən böyük arzusu işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərdə böyük şücaət göstərdi, əzmlə vuruşdu. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Oktyabrın 8-də Zamin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı”.
Tədbirin sonunda şəhidin atası Vahid Rəhimov və mərasim iştirakçıları bulaqdan su içiblər. Cəbrayıl rayonu Mahmudlu kənd uşaq musiqi məktəbinin şagirdləri Zamin Rəhimovun xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Bineqedi.info

Bimeqedi shexid

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin