Rəqibimiz zamandır

0
ramiz-goyusov-bineqedi

Qarabağda və ümumiyyətlə regionda gedən proseslərin gedişinə və gələcək inkişafına dair, istər ölkə daxilində ictimaiyyət arasında yaranan suallara aydınlıq gətirmək, istərsə də dünya ictimaiyyətinə çatdırmaq baxımından postmüharibə dövrünün ən mühüm şərtlərindən və komponentlərindən biri informasiya təminatıdır. Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi bu baxımdan mühüm bir hadisə kimi dəyərləndirilməlidir. Artıq ənanəyə çevrilmiş müsahibə və mətbuat konfranslarının növbəti raundu kimi, “CNN Türk” kanalına müsahibəsi zamanı Cənab Prezident ölkə daxilində cəmiyyəti narahat edən məsələlərə aydınlıq gətirməklə, həm də bir daha Ermənistan iqtidarına və ictimaiyyətinə, onların havadarlarına, iki ölkə arasında münasibətləri gərginləşdirmək istəyən beynəlxalq güclərə çox ciddi mesajlar verdi. Ölkə başçısı müsahibəsində, Azərbaycan torpaqlarının 30 il davam edən və öz havadarlarının açıq dəstəyi ilə müşayət olunan işğalının ordumuz tərəfindən darmadağın edilməsini, BMT qətnamələrinin bilavasitə Azərbaycanın özü tərəfindən, qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə icra edilməsini qabartmaqla, əldə edilmiş Zəfərin miqyasını bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Müsahibədə Cənab Prezident, acı məğlubiyyətə uğrayan və döyüş meydanından biabırcasına qaçan ermənilərin, bu məğlubiyyəti dayandırmaq üçün ən vəhşi, ən rəzil, yollara əl atdıqlarını, Gəncədə, Bərdədə, Tərtərdə, Naftalanda, Ağdamda, Goranboyda və döyüş bölgəsindən uzaq məsafədə yerləşən digər şəhərlərdə dinc əhaliyə qarşı ölüm saçan, qadağan edilmiş silahlarla açılan atəşlər nəticəsində insanların həlak olduğunu, erməni xislətinin nə qədər vəhşiliklər törətdiyini bir daha dünya ictimaiyyətinə təqdim etdi. Cənab Prezident müsahibəsində həmçinin qarşıda duran yeni hədəfləri bəyan etdi. Bir zamanlar ölkənin bir nömrəli məsələsi Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi məsələsi idisə indi yeni hədəflər aşağıdakılardan ibarətdir:

– Qələbənin, Zəfərin möhkəmləndirilməsi; – Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi ; – Azad olunmuş əraziləri yenidən qurulması; – Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verilməməsi;
Müsahibədə cəmiyyətdə maraq doğuran əsas məqamlarından biri kimi Cənab Prtezident məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması məsələsinə də aydınlıq gətirdi. İnsanlar öz doğma evlərinə qayıtmaq arzusunu 30 il qəlbində yaşatmışlar və həsrətlə o günü gözləyirlər. Bununla belə, istər Cənab Prezidentin səfərləri zamanı, istərsə də müxtəlif televiziya kanallarının hazırladığı reportajlardan tam aydın olur ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində işğal olunmuş ərazilərdə hər şey məhv edilib, bütün infrastruktur dağıdılıb, yaşayış evləri yerlə yeksan edilib, bütün əraziyə az qala hər addımda mina döşənib.
Təsadüfi deyil ki, 10 noyabrdan sonra Qarabağda 150 – dən çox mülki şəxs və hərbiçi minaya düşərək ya həlak olub, ya da sağlamlığını itirib. Bu baxımdan əhalinin həyatını risk altına atmaq olmaz. Biz minasız Qarabağa qayıtmalıyıq. Bu gün Qarabağda həyatın dirçəldilməsi ilə əlaqədar irimiqyaslı layihələr həyata keçirilir, avtomobil yollar, dəmir yolları, elektrik xətləri, su kəmərləri – bir sözlə həyati vacib olan infrastruktur obyektləri bərpa edilir. Paralel olaraq ərazilər minalardan təmizlənir. Bu işdə Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin bölmələri aktiv olaraq minatəmizləmə işləri ilə məşğuldur və bu çətin və məsul bir iş üçün müəyyən bir vaxt tələb olunur. Qarabağda və Şərqi Zəngəzurda Ermənilərin törətdikləri vəhşiliklərlə yerində tanış olmaq üçün cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, həmin bölgələrə səfər etmək üçün jurnalistlərə, ictimai xadimlərə, ictimaiyyət nümayəndələrinə, xarici ölkələrin səfirliklərinin nümayəndələrinə, xarici vətəndaşlara, beynəlxalq jurnalistlərə imkan yaradılır. Ərazilər minalardan təmizləndikcə bu imkanlar həmin bölgələrdə yaşamış , indi məcburi köçkün kimi ölkəmizin digər bölgələrində yaşayan insanlara da yaradılacaqdır. Respublikamızda işğaldan azad edilmiş ərazilərin bərpası üçün qətiyyət iradə, istək və bütün maliyyə imkanları vardır. Artıq bölgədə yaşayış məntəqələrinin salınması üçün layihələr gərçəkləşməkdədir. Belə layihələrdən biri, ən müasir texnologiyalara və standartlara uyğun inşa edilən Zəngilan rayonunun 3 kəndi- Birinci, İkinci və Üçüncü Ağalı kəndləri bu ilin sonuna və ya gələn ilin əvəllərinə sakinlərin istifadəsinə veriləcəkdir. Kənd və şəhərlərimizin bir çoxunun layihələri hazırlanır və tamamlanmaq üzrədir. Bölgənin ən böyük şəhəri olan Ağdam şəhərinin layihəsi 28 May Müstəqillik günündə təsdiqləndi, Prezidentimiz və Ağdam rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhərin təməli qoyuldu. Azərbaycan Prezidentinin 12 avqust 2021-ci il tarixli Fərmanı ilə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradəlması da məhz Qarabağda yeni yaşayış məntəqələrinin salınması prosesinə Prezidentimizin münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir. Lakin bütün bu işlərin başa çatdırılmaq, məcburi köçkünlərimizin öz doğma ocaqlarına qayıtması üçün vaxt lazımdır. 30 il ərzində erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılaraq viran qoyulmuş infrastrukturu, kənd və şəhərləri qısa müddətdə bərpa etmək mümkün deyil. Bu işlərin görülməsi üçün bir az səbr, bir az təmkin və bir də vaxt lazımdır. Cənab Prezidentimizin dediyi kimi: “Bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var.”

Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin