Binəqədinin qəhrəman oğlu – şəhid mayor Zamanov Sənan Qahir oğlu

0

Şəhid mayor Zamanov Sənan Qahir oğlu 17 avqust 1987-ci ildə Qusar rayonu, Çiləgir kəndində dünyaya göz açmışdı. 1993-cü ildə Qusar rayon Çiləgir kənd orta məktəbində ibtidai təhsil almağa başlamışdır. 1994-cü ildə təhsilinə Bakı şəhəri, Nəsimi rayonu 211 saylı tam orta məktəbdə, daha sonra 1998-ci ildə Beyləqan rayonu, Milabad kənd məktəbində davam etmişdi. 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdu. Burada 3 il təhsil aldıqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etmişdi. 2008-ci ildə oranı bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmiş, 2009-cu il 20 iyul tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdə taqım komandiri və bölük komandiri təyin edilmişdir. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbəsini almışdır. 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən 651 saylı hərbi hissəsində bölük komandiri təyin edilmiş və eyni ildə mayor rütbəsini almışdı. 2019-cu ildən mayor Zamanov Sənan xidmətinə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam edir. Vətən müharibəsi başlanan dövrdə O, maddi-texniki təminat taborunun komandiri vəzifəsində idi.
Bineqedi.info-ya verilən məlumata görə, Vətən müharibəsi başlanandan 4 gün sonra, 31 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində gecə saatlarında gedən döyüşlərdə düşmən postuna daxil olan ilk hərbi qulluqçu, mayor Zamanov Sənan Qahir oğlu düşmən gülləsinin ürəyinə tuş gəlməsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur.O,Vətən müharibəsində Qusar rayonunun ilk şəhidi və yeganə ali rütbəli zabit şəhididir. 2 qız, 1 oğul övladı vardır. Şəhid mayor Zamanov Sənan Qahir oğlu Qusar rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alarkən, 2006-cı ildə atletika üzrə ordu birinciliyində 1-ci yeri tutmuşdu. 2017-ci ildə Azərbaycan Respublikasında bölük komandirləri arasında 2-ci yerə layiq görülmüşdü. Xidməti ərzində “1-ci və 2-ci dərəcəli qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 və 95-ci ildönümü ilə bağlı paradlarda iştirak etmişdi. Zabit xidmətinə motoatıcı taqım komandiri kimi başlayan leytenant Zamanov Maddi-Texniki Təminat (MTT) taboru komandiri mayor Zamanov kimi şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Qahir oğlu Zamanov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Hərbçiliyin ailə sənəti olduğu bir ailənin üzvü idi. Belə ki, atası Zamanov Qahir Butay oğlu orduda şərəflə xidmət etmiş, baş gizir rütbəsində ordudan təxris olmuşdur. Əmisi Zamanov Həsənbala Butay oğlu kapitan rütbəsində qulluq etmişdir. Hətta Birinci Qarabağ müharibəsi zamanı kapitan Zamanov Həsənbalanın yaralandığı yerdə qardaşı oğlu mayor Zamanov Vətən müharibəsində yaralanmışdır. Qardaşı Zamanov Butay Qahir oğlu mayor rütbəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində tabor komandiri,dayısı oğlu polkovnik-leytenant Atakişiyev Rəşad Nazim oğlu “N” saylı hərbi hissə komandiri kimi xidmət edir. Əmisi oğlu Zamanov Fərid Mehdi oğlu və dayısı oğlu Atakişiyev Elşad Nazim oğlu isə müvafiq olaraq, hal-hazırda Qubadlı və Zəngilan rayonlarında xidmət edirlər.
Qardaşı mayor Zamanov Butay Qahir oğlu- “Bizim onunla həyatımız paralel keçirdi. Orta məktəbi, hərbi liseyi, Ali Hərbi Məktəbi bir yerdə, eyni sinifdə oxumuşuq. Təyinatlarımızı da eyni yerə-Naxçıvana almışdıq. Sadəcə bir fərq var idi ki, mən ön xətdə qulluq edəndə, o, hərbi hissədə qulluq edirdi. Və əksinə, o, ön xətdə qulluq edəndə, mən hərbi hissədə xidmət edirdim. Çünki eyni hərbi şəhərcikdə yaşayırdıq və ikimizdən birimiz ailələrimizlə olurduq. O, həyatı çox sevirdi. Hər anı yaşayırdı. Həmişə evə gələndə evdə dayanmazdı. Ailəmizi yığıb vaxtımızı şən keçirərdik. Dostları ilə vaxt keçirər, şənliyindən qalmazdı. Onunla dost kimi çox yaxın olmuşuq. Çox aktiv, canayaxın insan idi. Mükəmməl hərbi qulluqçu, yaxşı komandir idi.”
Dayısı oğlu polkovnik-leytenant Atakişiyev Rəşad Nazim oğlu- “Biz qardaşdan fərqli olmamışıq bir-birimiz üçün. AHM-də Butay və Sənandan bir kurs yuxarı oxumuşam. Artilleriya hərbi hissə komandiriyəm. Müharibə yenicə başlayanda şəhid olmağım barədə xəbərlər yayılmışdı. Sənanla telefonla danışarkən mənə deyirdi ki, MTT-də olduğuma görə döyüşdə iştirak edə bilməyəcəm, bu məni çox sıxır. Komandanlığa dəfələrlə müraciət etmişdi ki, onu döyüşə yollasınlar. Və nəhayət, onun ürəyincə olan cavab gəldi. Sağ qalan döyüş yoldaşları danışırlar ki, Sənan bütün postlara ən birinci daxil olurdu, düşmənlə yaxın döyüşə girirdi. Elə şəhid olduğu posta ilk O daxil olub, düşməni məhv edərkən güllə ürəyinə tuş gəlib. Döyüş yoldaşları deyirlər ki, güllə dəyəndən sonra yıxıldı, üzünü çevirəndə gördük ki, güllə ürəyindən dəyib və artıq şəhid olub. Döyüşə can atırdı, qorxu bilməzdi.”
Vətənimizin bütövlüyü, torpaqlarımız uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin