Şəhid və qazi ailələrinə xüsusi kart veriləcək – Yaşat Fonduna necə müraciət etmək olar?

0
yasat-fondu-qazi

““YAŞAT kart”la bağlı layihə üzərində iş gedir”. 

Bineqedi.info xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək:

“Bu kart ictimai iaşə obyektlərində, hotellərdə, nəqliyyatda və digər yerlərdə istifadə oluna biləcək. Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq. Bu kart ailənin statusunu müəyyən edəcək kart olacaq”.

““YAŞAT” Fondu ianələr əsasında şəhid ailələri və qazilərə yardımlar edir. Əgər ianələr olacaqsa, problemlərin həllinə kompleks şəkildə yanaşma tətbiq edilə bilər. Diqqət etdinizsə, problemlərin çoxu tibblə bağlıdır. Biz sığorta şirkətləri ilə danışıqlar aparırıq ki, qazilərimizi tibbi sığorta edək. Əgər qazilərimizin tibbi problemləri olacaqsa, onları sığorta şirkətləri vasitəsilə həll edə bilsinlər”. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Fond şəhid övladları və qazilər üçün xüsusi təhsil proqramları üzərində çalışır: “Müasir dövrün əsas ixtisaslarına yiyələnmək üçün bu vacibdir. Türkiyənin  Mehmetcik və qazi fondu var, onlarla əlaqə qurmuşuq. Gələcəkdə şəhidlərimizin övladları bu proqramdan istifadə edə bilsinlər”.

“İndiyədək “YAŞAT” Fonduna 24 milyon 804 min 936 manat 86 qəpik vəsait daxil olub”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, müvafiq saytda məbləğin üzərinə vurduqda vəsaitin hansı valyuta ilə qoyulduğunu görmək olar: “Məbləğin 15 milyon manatı fiziki şəxslər, 9 milyon manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Həmçinin 47 min 200 manata tibbi reablitasiya avadanlığı alınıb. Bu avadanlıq imkan verir ki, istifadə edən şəxs gələcəkdə əlil olmasın. Avadanlıqla hər gün 35-40 nəfərə eyni vaxtda kömək etmək mümkündür”.

Ü. Mehdiyev bildirib ki, Fond 1483 ailəni öhdəliyə götürüb. Fondun saytında ödənilən məbləğin hamısı detallı şəkildə qeyd olunur.

İstənilən vətəndaş “YAŞAT”ın həm gəlirlərinə, həm də xərclərinə şəffaf şəkildə nəzarət edə biləcək.

Sonda onu da qeyd edək ki, Vətən müharibəsi qazilərinin “YAŞAT” Fonduna müraciəti ilə bağlı qaydalar açıqlanıb.

Vətən müharibəsində yaralananlarla bağlı yashat.gov.az portalının “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə etmək mümkündür.

Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanır.

İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin