BİNƏQƏDİ KƏNDİ – qədim tarixi – Araşdırma – 2

0
bineqedi-tarixi-kendi

İkinci hissə

Abşeronda, onun Binəqədi kəndi ətrafında neft hasilatı artdıqca, bu kəndin insanlarından da neftə maraq çoxalıb. Neft məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olanlara neftxuda deyərdilər. Bizə Binəqədi kəndini təmsil edən neftxudalardan Niftəli Hacı Nəsib oğlu Səfərəliyev, Orucəli Babayev, Firidun bəy Aslanbəyov, Azan və Qürbət Şükürov qardaşları, Möhsüm Səlimov, Mehdiqulu Mustafayevin adları məlumdur. Onlardan Niftəli Səfərəliyev və Firidun bəy Aslanbəyov kənd əhlinə daha həssas yanaşarlarmış. Möhsüm Səlimov isə fəhlələr üçün yataqxana və hazırda BNQS-nin yerləşdiyi binanı tikdirib. Binəqədili Mehdiqulu Mustafayev bu BNQS-nin baş mühəndisi olub. Neft sənayesinin inkişafı sayəsində və Montaşev, Nobel neft-mexanizmləri əsasında Binəqədidə B.Sərdarov adına neft maşınqayırma və Polad tökmə zavodları inşa edilmiş, Binəqədi kənd əhalisinin əksəriyyəti bu müəsisələrdə işləməyə başlamışlar. Kənd məscidinin tikintisində isə bütün kənd əhli iştirak etmiş, hər kəs əlindən gələni əsirgəməmişdir. Sovetlər dönəmi ərəfəsində ermənilər Bakıda böyük qırğınlar törədərkən Binəqədi məscidini də top atəşinə tutmuşlar. Lakin xoşbəxtlikdən məscid dağılmamışdır. Bolşeviklər gəldikdə isə Azərbaycan xalqının, islam dünyasının dini-mənəvi, milli-mənəvi dəyərlərini məhv etmişlər. Şükürlər olsun ki, kolxozun sədri İsayev Bayram Hacı Əmrah oğlunun sayəsində məscid yox olmaqdan ikinci dəfə xilas edilsə də, Bayram Əmrah oğlu öz canını bu işə qurban verməli olmuşlar. Bayram Hacı Əmrah oğlu qədim türk tayfalarından olan Qaramanlıları təmsil edirdi. Deyilənlərə baxmayaraq Binəqədi məscidi təyinatı üzrə deyil, xalça fabriki parça toxunan fabrik kimi fəaliyyət göstərmişdir. Bununsa səbəbkarı Az.SSR Ali Soveti Rəyasət Heyyətinin katibi işləyən Zərifə xanım Şükürova olmuşdur. SSRİ hökuməti çökdükdən, Azərbaycan müstəqillik qazandıqdan sonra məscidin bərpası, təmiri işində kənd əhli yenidən cəm olmuş, bu yardımda Milli Məclisin deputatı Hacı Madər Musayev xüsusilə fərqlənmişdir. Binəqədi məscidinin ilk axundu isə molla Qafar Mürsəlzadə olmuşdur. Məscidə görə sürgün edilərək öldürülən Hacı Əmrah İsayev həm də Binəqədidə hamam tikdirmişdir ki, həmin hamam hazırda da kənd əhlinə xidmətdədir. O, kəndin içməli su iıə təminatının da səbəbkarıdır. Rusların və ermənilərin birbaşa iştirakı ilə 1920-1950-ci illər arasında xeyli Binəqədi sakini represiya qurbanları olmuşlar. Onlardan bir neçəsinin adları indi də kənd sakinlərinin yaddaşlarında qalmaqdadır. Onlardan Qüdrət Şükürəli oğlu Şükürov, Azan Şükürəli oğlu Şükürov, Lütvəli Hacı Nəsib oğlu Səfərəliyev, Kərbəlayi Güllər Hacı Nəsib oğlu Səfərəliyev, Kazım Cəlil oğlu Cəlilov, Hacı Əmrah İsa oğlu İsayev, Bayram Hacı Əmrah oğlu İsayev, Hacı İmanqulu Əlibəy oğlu Əlibəyov, Kərbəlayi Cənnət Rəsul oğlu Bayramov, Rəvan Məmmədbağır oğlu Rəvanov, Hacı Məmməd Sultan oğlu Sutanov, Bayram Mustafa oğlu Mustafayev, Hacı Bibiqulu Mölam oğlu Quluyev, Bafadar Hacı Bibiqulu oğlu Quluyev, Əbdüılrəşid Hacı Yunus oğlu Yunusov, Məmmədvəli Xələfqulu oğlu Babayev, Qəribxan Gəncəli oğlu Quluyev, Atamalı Kiçmirzə oğlu Rzayev və digərlərini göstərmək olar. İkinci Dünya müharibəsində Binəqədi kəndindən döyüşə gedənlərin say 300 nəfərdən çox olsa da, onlardan yalnız 91 nəfəri doğma evlərinə qayıda bilmişlər. Onların içərisində Mikayıl Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür və kənddəki 182 saylı orta məktəb onun adını daşıyır. Binəqədi kəndində doğulub boya-başa çatan dövlət, partiya işlərində işləmiş insanlar da az deyildir. Onlardan Mürsəlzadə Piryar Babaverdi oğlu AXC-də Musavat partiyasının katibi və parlamentin üzvü olmuşdur. Haxnəzərov Ərəstun Bəşir oğlu Binəqədi (Kirov) rayonunda RJK-nin sədri vəzifəsində çalışmışdır. Əliyev Qəzənfər Canı oğlu rabitə komissarı işləmişdir. Mustafayev Bayram Mustafa oğlu Musavat partiyasının fəal üzvlərindən və rəhbərlikdə işləyənlərdən biri olmuş, gözəl şeirlər müəllifi idi. Sultanov Sultan Əliabbas oğlu Binəqədi (S.M. Kirov) rayon PK-nin 1-ci katibi vəzifəsində çalışmışdır. Cabbarov Baba Mürşüd oğlu Bakı şəhərinin Qaradağ, Binəqədi (Kirov), Pirallahı (Artyom) rayonlarının hərbi komissarı olmuşdur. Rəcəbov Bayram Salman oğlu Bakı şəhərinin bir neçə rayonlarının hərbi komissarı vəzifələrində çalışmışdır. Əliyev Şıxbala Əbülfəz oğlu Az. MEA-nın Neft-kimya Prosesləri İnstitutunda k.e.d, professor kimi fəaliyyət göstərmişdir. Onun keçdiyi yol, həyat və yaradıcılığı haqqında bu sətirlərin müəllifi böyük bir yazı yazmaqla ilk olaraq qəzetdə, sonra isə özünün “Gördüklərim-Götürdüklərim” (2015-ci il) kitabında çap edilmişdir. Mürsəlzadə Xanbala Mürsəl oğlu Respublikanın Əməkdar Hüquqşünası idi. Ali Məhkəmənin Kollegiya üzvü olmuşdur. Mehdizadə Həşim Həmid oğlu tibb elmləri namizədi, dossent olaraq 1 saylı xəstəxanada şöbə müdürü, Bakı şəhərinin Baş infeksionisti olmuş, Misir və Yəmən Ərəb ölkələrində çalışmışdır. Qocayev Əmirqeys Əhliman oğlu Binəqədi (Kirov) rayonu üzrə milis şöbə rəisi işləmişdir. Səmədov Fazil Hacı Səməd oğlu həkim olaraq İkinci Dünya müharibəsində kimliyini ortaya qoymuş, sonralar Azərbaycanın sərhəd bölgələrində və Uçarda baş həkim olaraq çalışmışdır. Qasımov Dünyamalı Qasım oğlu da tibb elmləri namizədi, dossent, seçilən cərrahlardan olmuşdur. Mehdizadə Oktay Həşim oğlu tibb elmləri namizədi olaraq bir saylı xəstəxanada çalışmışdır. Musayev Mirzəqulu Hacı Abdulrzaq oğlu Zəngilan və Ağstafa rayonlarında ikinci katib vəzifəsində işləmişdir. Hal-hazırda Binəqədi kəndindən olaraq elmin, təhsilin müxtəlif sahələrində çalışan xeyli ziyalılar vardır ki, onlarında bizə məlum olanlarının adını tarixiləşdirmək yerinə düşər. Azərbaycanın Xalq Yazıçısı,Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev. Onu dünyanın əksər ölkələrində yaxşı tanıyırlar, əsərlərini maraqla oxuyurlar. Musayev Hacı Madər Ələsgər oğlu Milli Məclisin deputatıdır, Şöhrət Ordeni daşıyıcısıdır. Onun da haqqında bəzi yazılarımda məlumat vermişəm. Meybullayev Məmməd Həsən Xanlar oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. Abdullayev Səfər Sosialist Əməyi qəhrəmanıdır. Sultanov Vüqar Sərvat oğlu filologiya elmləri doktorudur, professor olaraq Kipr Türk Respublikasında çalışır. Hər ehtimala görə yuxarıda qeyd etdiyimiz Binəqədi kəndində son dövlərə qədər yaşamış və hazırda da əksəriyyəti yaşayan tayfaların adını da qeyd edək. Bu səcərələr Paşalı, Çuxurlu, Ağanəzərli, Çaylı, Aşıraltı, Kəmsərli, Əsgərli, Qaramanlı (Qərimanlı, Qəhrəmanlı), Hacı Rza uşağı adlanırlar. Adlardan göründüyü kimi tayfaların mənsubluğu bəllidir. Lakin hazırda bu tayfalar Binəqədi kəndi, onun ətrafı və daha böyük əhatədə olan insanlarla qohumluq əlaqələri qurmuşlar. Onların bariz nümunəsi Xızı bölgəsindən gələrək Binəqədi kəndində məskunlaşandırlar ki, həmin məhəlləyə “dağlı” məhəlləsi deyilir. Digər bir məqam isə Rəvanilər səcərəsinin ayaq üstə durmasıdır. Onlardan Rəvan Məmmədbağır oğlu Rəvanov sovetlərin represiya qurbanı olmasına baxmayaraq, onun övladlarından Aminağa Rəvan Binəqədi kəndində ilk ali təhsil alanlardandır. Aminağa sovetlərin ağır günlərində öz işgüzarlığı ilə partiya və sovet işçilərinin, o cümlədən M.C. Bağırovun hörmətini qazan bilmişdir. Binəqədi rayonuna təyinat alan katiblərin hamısı ilə ümumi “dil” tapa bilmişdir. Lakin Kamran Hüseynovla olan qarşılıqlı münasibət dostluğa çevrilmişdir. M.C,Bağırov partiya tapşırığı alaraq Aminağanı Urala işə göndərsə də münasibətləri pozulmamışdır. Onun da əsas səbəbi Aminağa Rəvanın Uralda da ad-san qazanması olmuşdur. Aminağa həm də səviyyəli ailə sahibi olmuş, səkkiz övladının hamısına ali təhsil vermiş, ailəsini Binəqədi kəndinin sıxıntılarından sonra sayılıb-seçilən ilk ziyalı ailəsi səviyyəsinə yüksəldə bilmişdir.

Ziyadxan Nəbibəyli.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin