Azərbaycan Ermənistana bu təklifləri göndərib – DETALLAR

0
ceyhun bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət təklif göndərildiyini bildirib.

Türkiyənin “Anadolu” informasiya agentliyinə müsahibə verən nazir rəsmi Bakının İrəvandan cavab gözlədiyini söyləyib: “Ermənistan münasibətlərin normallaşmasını səmimiyyətlə istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir”.

Ermənistana göndərilən 5 maddəlik təkliflər nədən ibarətdir?

Deputat Elman Məmmədov bildirib ki, təkliflərlə bağlı təxmini fikir yürütmək olar, lakin Azərbaycanın əsas istəyi bölgədə sülh və əmin-amanlığın olmasıdır:

“Təkliflərimiz sülhlə, sərhədlərin dəqiqləşdirilməsi, Ermənistanın cinayətkar tör-töküntüsünün Qarabağdakı ərazilərimizdən çıxarılması, Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanın təklifləri bölgədə dayanıqlı sülhün yaranmasına, qarşılıqlı qonşuluq əlaqələrinə, kommunikasiya xətlərinin açılmasına, sərhədlərin dəqiqləşməsinə, Ermənistanın ərazi iddialarından, düşmənçilik niyyətindən əl çəkməsinə yönələ bilər. Düşünürəm ki, təqdim olunan 5 maddəlik təklifin məzmunu belə ola bilər. Azərbaycan hər zaman bu mənada təkliflər verib”.

Ermənistanın təkliflərə cavabının necə olacağına gəlincə, deputat bunları deyib:

“Ermənilər özlərini dünyaya haqlı şəkildə göstərmək üçün boğazdan yuxarı bəyanatlar verir. Onlar yalandan “biz sülhə razıyıq, ona razıyıq, buna razıyıq” deyirlər. Ancaq həqiqətdə bunlar öz əməllərində fərqli şəkildə davranırlar. Əməllərində düşmənçilik, qərəz, ərazi iddiaları, təxribatlar, müharibəyə çağırışlar özünü göstərir. Ancaq biz öz borcumuzdan çıxırıq. Yəqin ki, beynəlxalq qurumlar da, məsələn, vasitəçilik missiyasında olan dövlətlər də məlumatlandırılır ki, biz üzərimizə düşəni edib sülhə çağırırıq. Qarşı tərəfin bizə belə münasibətinin səbəbkarı, günahkarı biz deyilik. Məsuliyyət onların üzərindədir”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Ermənistana təqdim olunan təkliflərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilk yerdə gəlir:

“Bunun ardınca ikinci maddədə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi dayanır. Bu işin tezliklə həyata keçirilməsi üçün işçi qrupunun yaradılması istənilir. Başqa bir tələb kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin tikintisinə başlanmasıdır. Çünki həmin dəhlizi ermənilər öz vəsaiti hesabına inşa etməli idi. Hesab edirəm ki, sonuncu təklif sülh müqaviləsinin bağlanması üçün işçi qrupunun yaradılması və sülh hazırlıqlarına başlanmasıdır”.

Politoloq qeyd edib ki, Ermənistan sülh istəyirsə, Azərbaycanın təkliflərini qəbul etməlidir: 

“Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlərsə, təqdim olunan təkliflərlə razılaşmalı və yerinə yetirməlidirlər. İlk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Əgər bunu qəbul etməsələr, deməli, müharibə vəziyyətində qalmaq istəyirlər.

Ermənilər təkcə öz düşüncələri ilə deyil, kənardan verilən məsləhətlərlə hərəkət edirlər. Ona görə də sülhyaratma prosesində maneələr yaranır. Artıq Zəngəzur dəhlizinin alternativi meydana çıxdı. İran ərazisindən Naxçıvana gedəcək dəmiryolu və quru yolun çəkilməsi barədə İranla Azərbaycan arasında memorandum imzalandı. Ermənistan naz etdi, vaxtı uzatdı. Bununla da payını aldı”.modern.az