Prezident təqaüdçüsü olan Binəqədili gəncin məqaləsi: “Gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub”

0
jale-sevdimli-bineqedi
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm sabahıdır, ümididir.”– Ulu öndər Heydər Əliyevin bu tarixi sözlərini əsas tutaraq bu gün bir Azərbaycan gənci olmağımla fəxr edirəm, qürur duyuram. Çünki biz qalib gənclərik, çünki biz qalib xalqın övladlarıyıq.
Əlbəttə ki, ilk növbədə dövlətimizin bizlərə göstərdiyi diqqət və qayğını bir gənc olaraq hiss etdiyimi və bu diqqəti sizlərlə bölüşməkdən qürur duyuram.
Mən Sevdimli Jalə Ceyhun qızı 25 mart 2004-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşam. 2010-cu ildə Bakı şəhəri Binəqədi rayon V.Əvəzov adına 300 Nömrəli Tam Orta Məktəbin birinci sinfinə qəbul olmuşam. 2013-cü ildə orta təhsilimi Binəqədi rayon R.Pirnəzərov adına 299 Nömrəli Məktəb-Liseydə davam etdirmişəm. 2021-ci ildə həmin məktəbi bitirərək, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 690.2 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Komputer elmləri” ixtisasına qəbul olmuşam. Prezident cənab İlham Əliyevin 29 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm.
Bildiyiniz kimi artıq ikinci ildir ki, Azərbaycan gəncliyi öz bayramını qalib ölkənin gəncləri kimi qürurla qeyd edir. Bu il 2 fevral tarixində “Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi tamam olmuşdur. Bu münasibətlə keçirilən Gənclər Forumunda hər dəfə olduğu kimi, bu il də ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
İlk öncə cənab İlham Əliyev çıxışında 25 il əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildiyini diqqətə çatdıraraq, bu müddət ərzində gənclər siyasətinin daim dövlətin prioritetləri sırasında olduğunu bildirmişdir.
Bir gənc olaraq həmin tarixi yaşamasam da, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında, bizlərin vətənpərvər ruhda tərbiyə almasında dərin izlər buraxdığını hər birimiz hiss edirik.
Məhz elə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü və gənclərimizin rəşadəti hesabına 30 il düşmən əsarətində qalan torpaqlarımız, milli-mənəvi dəyərlərimiz işğaldan azal edilmişdir.
Cənab Prezidentimizin də qeyd etdiyi kimi, müstəqilliyimizin ilk illərində yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı. Mənim atam da mənfur düşmənin əməllərinə görə öz doğma torpağını – Ağdamı tərk etməli olmuşdur. Vətən müharibəsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunması bir köçkün övladı olaraq məni də çox sevindirdi. Bu sevinci bizlərə yaşatdığı üçün cənab İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildirirəm. Mən bir gənc kimi gələcək fəaliyyətimi azad olunmuş rayonlarımızın hərtərəfli inkişafına töhfə vermək, xüsusən Ağdam şəhərinin quruculuğunda davam etdirməyə çalışacağam.
Prezident cənab İlham Əliyev çıxışında da bildirdi ki, artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi dövlətimizin insanlar üçün yaradacağı yüksək rahatlığın təcəssümüdür.
Ali Baş Komandan cənab İlham Əliyev Gənclər Forumunda bir daha qeyd etdi ki, vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər olmuşdur. Bu, hər birimiz üçün qürur mənbəyidir. Əgər bu gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.
Ulu Öndər Heydər Əliyev gənclərimizi Azərbaycanın gələcək qurucuları adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmişdir.
Bu gün Qarabağımıza həyat qayıdır, müasir infrastruktur layihələri həyata keçirilir, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri icra olunur və bu prosesdə yenə də gənclərimiz ön sıralardadır.
Qarşılıqlı müzakirələr formatında keçən görüşdə cənab İlham Əliyev gənclərimizin suallarını yüksək peşəkarlıqla cavablandıraraq, bizlərə öz tövsiyyələrini vermiş, eyni zamanda gənclərimiz üçün yeni hədəflər səsləndirmişdir.
“Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaşımız bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.” Cənab Prezidentin bu sözləri bir daha deməyə əsas verir ki, ölkəmizdə Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti öz hədəflərinə çatmışdır.
Əlbəttə bu gün regionda və beynəlxalq arenada ölkəmizin qazandığı uğurları qısqanclıqla qarşılayan, Azərbaycana qarşı informasiya müharibəsi edən agentliklər, fondlar təxribat törətməyə çalışırlar. Cənab İlham Əliyev bu mənada vurğulamışdır ki, anti-Azərbaycan mövqeyində dayananlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərənlər anlamalıdırlar ki, Azərbaycan gəncləri bu fitnələr uymur, Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də bizim gənclərimiz sosial şəbəkələrdə çox fəaldırlar və müharibə zamanı gedən informasiya müharibəsində qalib gəldiyimiz kimi, bundan sonra da Azərbaycan informasiya məkanında gənclərimizin sayəsində üstün olmaqla, haqq səsimizi bütün dünyaya çatdıracaqdır.
Qeyd edim ki, keçən dövr ərzində ölkəmizdə icra olunan Dövlət Proqramları, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi sayəsində gənclərimizin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə böyük irəliləyişlərə nail olunmuşdur.
Cənab İlham Əliyev çıxışında xaricdə təhsil movzusuna da toxunmuşdur. Bir çox azərbaycanlı gənc kimi xaricdə təhsil almaq mənim də arzularımdan biridir. Məqsədim həyatımı xarici ölkədə davam etdirmək deyil, yüksək bilik ve bacarıqlara yiyələnib, öz potensialımla ölkəmə, millətimə maksimum fayda verməkdir. Mənim üçün Vətənimin gələcəyi ön planda durur və bu gələcək biz gənclərin əlindədir.
Məhz elə bir gün əvvəl elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gəncə verilmiş Prezident mükafatları cənab İlham Əliyev tərəfindən şəxsən təqdim olundu.
Sonda bir gənc olaraq əmin edirəm ki, ölkəmizin inkişafı və birliyi, gələcək uğurlarımız və qələbələrimiz naminə bundan sonrakı dövrdə də əlimdən gələni edəcək və müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin biz gənclərə göstərdiyi diqqətə layiq olduğumuzu əməli addımlarımızla sübut edəcəyik.
Jalə Sevdimli
Fəal Binəqədi gənci, Prezident təqaüdçüsü