“Omicron” ştamından ev şəraitində necə müalicə olunaq?

0
qrip-koronavirus-xeste

“Son günlərdə yoluxmanın intensiv şəkildə artmağa davam etməsi həm insanları, həm də aidiyyəti qurumları narahat etməyə başlayıb. Çünki bu şəkildə artışın davam etməsi, rəqəmlərin daha da artmasına gətirib çıxaracaq ki, bu da gələcəkdə səhiyyə sistemi üzərinə, eləcə də xəstəxanaya yatma ehtiyacı olan insanlar üçün problemlərə gətirib çıxara bilər”.

Bineqedi.info xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov son günlər ölkədə Omicron ştamının sürətlə yayılması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var: “Yəqin ki, bu dalğa da ortalama olaraq 4-6 həftə içərisində tamamilə sönüb gedəcək. Amma bu dönəmdə yoluxmamaq, yoluxsaq belə xəstəxanaya düşməmək üçün hər bir vətəndaşın üzərinə bir məsuliyyət düşür. Bu məsuliyyət sadəcə cəmiyyət və ölkə adına deyil, həm də hər bir şəxsin öz həyatı və sağlamlığı üçün vacibdir. Bu gün yoluxmamağın ən sadə və rahat yolu preventiv tədbirlərdir. Başlıca olaraq maskadan doğru istifadə etmək, eləcə də yoluxma ehtimalı olan insanlarla təmasların minumum dərəcəyə endirilməsi, insanların kütləvi şəkildə yığışdığı yerlərdən uzaq qalmaqla ən azından dalğa dönəmindəki təhlükələrdən özümüzü bir qədər sığortalamış ola bilərik.

Əlbəttə ki, peyvəndin faydası, eləcə də buster dozanın vacibliyi ilə əlaqədar əlavə bir söz deməyə ehtiyac yoxdur. Bu gün yoluxmanın qarşısını azaltmaqla yanaşı, yoluxsaq belə ağırlaşmaların və həyati təhlükənin qarşısını almağın yeganə yolunun peyvəndlənmə olduğunu artıq hamı bilir. Cəmiyyətimiz peyvəndlənmə prosesində çox zaman aktivlik göstərib. Xüsusilə belə böyük dalğaların olduğu dönəmdə daha çox vaksinasiyaya maraqlı olub. Bu da çox zaman peyvənd olunmaq üçün növbələrin əmələ gəlməsinə gətirib çıxarır. Əsasən də yoluxmalar həmin növbələrdə əmələ gəlir. Ona görə də bu məsələdə hökuməti və ya peyvəndlənmə işini həyata keçirən orqanları günahlandırmaq əvəzinə, cəmiyyətin kütləvi şəkildə dalğanın olduğu dönəmdə hərəkətə keçmələri çox da arzuolunan deyil”.

R. Mahmudov sözügedən ştama yoluxma zamanı necə müalicə olunmaq barədə fikirlərini də açıqlayıb: “Qripin müalicəsi sadəcə məsləhətlərə uyğun şəkildə ata-babadan bizə məlum olan yataq istirahəti ilə birgə bol maye qəbul edərək evdə özünü təcrid etməkdən başlayır. Virusun müalicəsində erkən dönəmdə antiviral müalicənin effektivliyi barədə bir çox tədqiqatlar olsa da, əsas məqam lazımsız dərmanların istifadə olunmamasıdır. Bunlar da antibiotiklər, eləcə də deksematozon, prednazolon adı altında olan hormonal terapivtik müalicələr, o cümlədən sistemlərdir. Dərman dediyimiz zaman sadəcə hərarətsalan dərmanlardan istifadə etmək məqsədəuyğundur. Vitaminlərdən çox istifadə etməyin faydasını ortalığını qoyan çox da sübutlar yoxdur. Bunun yerinə Vitamin C-ni təbii qəbul edə biləcəyimiz portağal suyu, limon ilə bədənimizin həmin vitaminlərə olan ehtiyacını qarşılaya bilərik. Bu da xəstəliyə müalicə mənasında çox sadə yanaşaraq nəticələrin daha  da yaxşılaşmasına, eləcə də xəstəxanaya düşməməyə gətirib çıxara bilər.

Xəstəxanaya düşdüyümüz zaman isə ağırlaşmaların qarşısının alınması üçün xəstəxanalarda istifadə olunan dərmanların effektivliyinin artmasına səbəb olur. Çünki bir daha diqqətə çatdırmaq istəyirəm ki, xəstəxanada reanimasiyaya düşmüş xəstələrdə ən çox qorxunan hal xəstələrin ora gəlmədən əvvəl istifadə etdikləri güclü antibiotiklər və hormonal terapiyalar olur. Bunu gördüyümüz zaman əlbəttə ki, həmin xəstələrin sağalması və verilən müalicənin nəticə verməsi istiqamətində bizim şübhələrimiz getdikcə artmağa başlayır.

Bu da bir neqativ hal olaraq hər bir cəmiyyət üzvü tərəfindən bilinməsi lazım olan reallıqdır. Ümidvarıq ki, ən qısa müddət içərisində yenə dövlət, hökumət, aidiyyəti orqanlar bu xəstəliklə mübarizədə cəmiyyətlə sıx birləşərək bu dalğanı da geridə buraxacaq. Yəqin ki, Omicron ştamının gedişatından göründüyü qədər bu ştam COVİD-19-la olan problemin həllində açar rolunu oynayacaq. Bunun gələcəkdə pandemiyanın yox olması üçün bir zəmin yaradacağı inancındayıq. Amma əlbəttə ki, bu reallıqları gözləyərkən qurban olmamaq və həyatımızı itirməmək naminə ehtiyatı əldən verməmək üçün hər birimiz məsuliyyət daşıyırıq”.