Binəqədinin qəhrəman oğlu – şəhid İsmayılov Rövşən Məmmədağa oğlu

0

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Belə oğullardan biri də Rövşən İsmayılovdur.
İsmayılov Rövşən Məmmədağa oğlu 30 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. Orta təhsilini 2005 – 2016-cı illərdə 83 saylı məktəb-liseydə almışdı. 5-ci sinifdən idmanın müxtəlif növləri ilə məşğul olurdu. Məktəbi bitirdikdən sonra elə həmin il – 2016-cı ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” fakültəsinə daxil olmuş, 2020-ci ildə ali təhsiliini bitirən Rövşən həmin ilin iyulunda həqiqi hərbi xidmətə yollanmış və Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir. Ailəsinə kəşfiyyat qrupuna qoşulmaq istəyini bölüşəndə ailədə ciddi narazılığa səbəb olmuşdu. Rövşən ailəsindən gizlədərək hərbi hissədə yaradılmış “Həmlə” könüllülər qrupuna qoşulur. Müharibə başlayan gündən – 27 sentyabr 2020-ci il tarixindən döyüş bölgəsində – ön cəbhədə Vətənə xidmət etmişdi. Hərbi hissədə yaradılmış ”Həmlə” könüllülər qrupuna baş atıcı kimi qoşulmuş, Suqovuşan, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdi. O, oktyabrın 3- də əlindən və üzündən qəlpə yarası alır, hospitala yerləşdirilir. Sərəncamda oktyabrın 18-nə kimi olmasına baxmayaraq, ayın 7-si ərizə yazaraq bir neçə döyüş yoldaşı ilə birlikdə müalicələrini yarımçıq qoyur, həkimlərin narazılığına baxmayaraq böyük israrla yenidən döyüş meydanına qayıdırlar. Rövşən ön cəbhədə olduğu müddətdə çox cəsarətlə və qəhrəmancasına döyüşmüşdü. Son döyüşdən bir gün əvvəl-oktyabrın 12 – sində ailə üzvləri ilə son dəfə danışır. 13 oktyabr gecə Ağdərə istiqamətində, Tülkü dərəsi adlanan yerə döyüşə yollanırlar. Rövşən ən öndə gedən bölüyün üzvü olur, belə ki, həmin yerə ilk və son ayaq basanlar onlar olur. 44 günlük müharibə ərzində bir daha həmin səngərə ayaq basan olmur. Bu səbəbdən də onların nəşi ailələrinə müharibə bitdikdən sonra təhvil verilir. Rövşən və onun dostları həmin səngərdə şəhid olurlar. Müharibənin 17- ci günü oktyabrın 13-ü 2020-ci il tarixində o, Tülkü dərəsində başından düşmənin snayper gülləsinə tuş gələrək, qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Rövşən müharibədə iştirak etdiyi 16 gündən heç bir xatirəsini ailəsi ilə bölüşmür. Şəhadətindən sonra bütün bu məlumatlar ailəsinə döyüş yoldaşları tərəfindən çatdırılır. Rövşən şəhid olacağını gözə almışdı. Çünki döyüş yoldaşı Rövşəndən xatirə qalan köynəyi və qolbağını onun istəyilə şəhadətindən sonra ailəsinə çatdırır. Rövşənin nəşi neytral zonada qaldığı üçün yalnız 35 gündən sonra götürüb ailəsinə təhvil verə bilirlər. 19 noyabr 2020- ci il tarixdə Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rövşən İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Atası Məmmədağa Rövşən oğlu İsmayılov: “Rövşənlə bizim aramızda ata-oğul münasibətindən çox, əsl dost münasibəti olub. O, anlayışlı, dürüst bir oğul idi. Ən kiçik problemini belə mənimlə məsləhətləşərdi. Bizim torpaqlarımızın işğal altında olması bütün azərbaycanlıları narahat etdiyi kimi bizi də narahat edirdi. O, hərbi xidmətə yollananda mən ona tapşırdım ki, hərbin sirlərinə yaxşı yiyələn. Çūnki hər an müharibə başlaya bilər. Torpaqlarımızı düşməndən almamışıq. Rövşənlə axırıncı dəfə oktyabr ayının 12-də bizim telefon danışığımız oldu. Sən demə, g ecə onlar ağır döyüşə çıxacaqlarmış. Övlad itirmək çox ağırdır. Amma mən bilirəm ki, Rövşən torpaq uğrunda, xalq yolunda canını fəda edib.”
Anası Təranə Rzalı qızı İsmayılova: “Bir ana üçün şəhid övladı haqqında danışmaq necə çətindir, bilərsiniz. Rövşən haqqında nə qədər yazsam, az olar. Ürəyimdə o qədər sözlər var ki. Ona çox bağlı idim. Rövşən ailəmizin ilk övladı olub. Dünyaya gəlişi ilə bizim ailəmizə böyük sevinc gətirib, həyatımızı tamamilə dəyişib. Rövşən uşaqlığında həqiqətən də sevilən, seçilən, nəvazişli, diqqətcil, bir sözlə, tam ayrı bir gözəl xarakterə malik uşaqlardan olub. O mənim sağ əlim idi. O bacı və qardaşının qayğısını mənimlə bərabər çəkib. Torpaqlarımızın işğal altında olması həmişə onu narahat edərdi. Tarixlə çox maraqlanardı. Həmişə də deyirdi ki, müharibə olsa, öndə gedənlərdən biri də mən olacağam. Tale elə gətirdi ki, onun həqiqi hərbi xidməti müharibə dövrünə düşdü. Arzuladığı oldu da. Sonradan öyrəndim ki, o hər kəsə “mən müharibəyə gedəcəyəm, torpaqlarımız da alınacaq. Amma mən şəhid olacağam. ” Onun belə mərdliyi, cəsurluğu dillərdədir. Bundan sonra da dillər əzbəri olacaq. Balam istədiyi Zirvəyə ucaldı. Tarix yazan oğullardan oldu. Rövşən kəşfiyyatçılara qoşulmuşdu. And içmə mərasimi vaxtı o 27 nəfərlik qrupla çıxış etmişdi. Orda elə təşəkkür məktubu da almışdı. Həmin o 27 nəfərlik qrupdan çoxu şəhid olub. Rövşənin cib kitabçasında yazılan nömrələrin heç birinə zəng çatmadı ki, onun haqqında çoxlu məlumat toplaya bilək.”
Bacısı Sara Məmmədağa qızı İsmayılova: “Rövşən mənə həm qardaş, həm dost olub. Həmişə anam deyir ki, o sənə məndən də yaxşı baxırdı. Rövşənin məni əlimdən tutub məktəbə apardığı vaxtlar da az olmayıb. Biz evdə Rövşəni nənəmizin diliylə “Tatan” deyə çağırırdıq. Böyüdükcə münasibətimiz daha da dərinləşmişdi. Onun varlığı mənə güvən hissi verirdi, mən bu gün o hissi itirmişəm. Həyatımda elə bir insanı itirmək mənə çox ağır oldu. Rövşən qısa ömründə insanlığın və vətəndaşlığın ən ali zirvəsinə ucaldı. Mənim xatirəmdə isə o həmişə bizim şıltaq tatanımız olaraq qalacaq.”
Qardaşı Kamal Məmmədağa oğlu İsmayılzadə: “Rövşənlə vaxtım çox maraqlı keçirdi. O gedəndən sonra özümü tək hiss edirəm. Mən gələcəklə bağlı bütün xəyallarımı Rövşənlə təsəvvür edirdim. Onun varlığı mənə güc verirdi. Tez-tez yadıma onun şən zarafatları düşür. Demək olar ki, bütün günü Rövşəni düşünürəm. Mənə hər zaman deyirdi ki, heç vaxt qorxaq olma. Qardaşımı itirmək çox ağırdır, amma bilirəm ki, o qəhrəmandır.”
Nənəsi Əzizbəyim Səmidova: “Rövşən babasından sonra təsəllimiz idi. Körpəlikdən çox mehriban, şirin, sevimli, ədəbli, istiqanlı, tərbiyəli, qeyrətli uşaq idi. Vətəni, xalqı, milləti o qədər sevirdi ki, Azərbaycanın keçmişini, tarixini araşdırırdı. Tariximizdə məğlubiyyəti oxuyanda həmişə deyirdi ki, biz qalib gəlməliyik, biz məğlub millət olmamalıyıq. Nə etdiyini hamımızdan gizlətdi. Əsgərlikdə olanda danışırdıq. Axırıncı dəfə danışanda dedim ki, Rövşən, ana çox darıxır sənin üçün. O da yavaşca ah çəkərək dedi ki, ay nənə, mən də hamınız üçün çox darıxıram. “
Sevda Mehdiyeva (İbtidai sinif müəllimi): “Rövşənə 1- ci sinifdən 4- cü sinifə qədər dərs demişəm. Rövşən haqqında çox şey danışa bilərəm. Amma qəhər məni boğur deyə çox şeyi bölüşə bilmirəm. Hər bir müəllimin xatirəsində elə uşaqlar olur ki, onlar yaddan çıxmır. Rövşən də o uşaqlardan biriydi. Dərslərini də pis oxumurdu. Hiss olunurdu ki, valideynləri üstündə çalışırdılar. Sinifdə əslində çox sevilən uşaqlardan idi. Çünki çox mehriban, sakit təbiətli idi.”
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz Rövşən Məmmədağa oğlu İsmayılovun doğum günü münasibətilə məzarını ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin