Milli birlik və ümumxalq ehtiramın təcəssümü

0

“Əziz həmvətənlər. Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır”. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də xalqa müraciətə bu sözlərlə başlamışdır. Artıq bir ildir ki, Qarabağ müharibəsi bitib. Artıq şəhidlərimizin ruhu şaddır. Bu müharibə xalqımız üçün Vətən müharibəsi oldu. Bəli, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu siyasəti Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib. Şübhəsiz ki, xalqımızın taleyində böyük rol oynayan bu şanlı zəfər, bu qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə əvəzsiz töhfələr verəcək. Ali Baş Komandan dövlətimizin, xalqımızın maraqlarının müdafiəsindən bir addım belə geri çəkilməyib. Xalqımız, möhtərəm Prezidentimizin bu keyfiyyətlərindən qürurlanır, daha da sıx birləşir, Ali Baş Komandana güclü dəstək ifadə edir.

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı, düşməni məhv etdi.
Fəxrlə bildirmək istəyirəm ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. “44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün – Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm”. Bunu da Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləmişdir. Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirdi, çünki Azərbaycanın işi haqq işi idi. Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. Azərbaycan-Türkiyə dünyada bütün istiqamətlər üzrə vahid mövqedən çıxış etməyin, dünyaya sülh və barış gətirməyin nümunəsidir.
Yeri gəlmişkən, dövlətimizin başçısı Vətən müharibəsi qələbəmizlə başa çatandan sonra cəbhədə qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabitlərimizin rəşadətini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi şücaətə və qəhrəmanlığa görə fəxri adlara layiq görmüşdür. Qalib xalqın hər bir hərbiçisi qəhrəmandır. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyasını şərəflə yerinə yetirdi. Heç bir ölkə bundan sonra xalqımızın bir qarış torpağına belə göz dikə bilməz. “Dəmir yumruq” hər zaman yerindədir!

Cümşüdov Asif, 
Binəqədi rayon 313 nömrəli tam orta məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı, “Tərəqqi” medalı təltifçisi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin