Şuşada Vaqif Poeziya Günləri 30 ildən sonra

0
ramiz-goyusov-bineqedi

Ramiz Göyüşov

YAP Binəqədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

“Mən əminəm ki, Şuşa işğaldan azad olunacaq

və Molla Pənah Vaqifin

məqbərəsi də öz xalqına qayıdacaq”

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri

2021-ci il avqustun 30-da, 30 ildən sonra Şuşada Vaqif Poeziya Günləri bərpa olundu. Bu tədbirin keçirilməsi çox mühüm ədəbiyyat və mədəniyyət hadisəsi olmaqla, həm də böyük əhəmiyyət kəsb edən siyasi hadisə idi.

“Əziz dostlar! Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirin açılışında, çıxışının əvvəlində bu fikirləri səsləndirməklə, əslində bu hadisənin miqyasını və əhəmiyyətini bütün ictimaiyyətinə və dünyaya təqdim etmiş oldu.

Etiraf etməliyik ki, 1982-ci il yanvarın 14-də qarlı-şaxtalı bir gündə Azərbaycanın qədim şəhəri, Qarabağın incisi, Qarabağ xanlığının keçmiş mərkəzi, Şuşada Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məzarı üstündə məqbərə və abidə ucaltmaq, o dövr üçün ideoloji baxımdan fövqəladə bir iş idi. Heç şübhəsiz Molla Pənah Vaqifin yaradıcılığına, fəaliyyətinə və şəxsiyyətinə ən böyük dəyərlərdən birini bu işləri görməklə Ümummilli liderimiz Heydər Əliyev verdi.

1987-ci ildə Ümumilli liderimiz Heydər Əliyev xain Mixail Qorbaçov tərəfində Moskvadakı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra hökumətdə yüksək vəzifə tutan ermənilər, SSRİ hökumətinin başında duram ermənipərəst rəhbərlərin dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana birlədirmək ideyasını gerçəkləşdirməyə başladılar və bu proses 90-cı illərin əvvələrində Dağlıq Qarabağın, o,cümlədən Şuşanın, Dağlıq Qarabağ ətrafındakı rayonların və Şərqi Zəngəzurun işğalı ilə yekunlaşdı. Ermənilər işğal altında olan ərazilərdə tarixdə görünməmiş vəhşiliklər törətdilər. Təkcə Şuşada 600-dən çox tarixi abidələr, o cümlədən Molla Pənah Vaqifin məqbərəsi, məzarı və abidəsi məhv edildi.

…Azərbaycan düz 26 il ərzində münaqişənin həlli ilə əlaqədar sülh variantına sadiq qaldı. Bu illər ərzində Ermənistan hər dəfə danışıqların həlledici məqamında bir bəhanə gətirərək və ya bir hadisə törədərək danışıqları dalana dirədi.

Düşmən tərəfi nə qədər danışıqları pozsa da, status-kvonu uzatmağa çalışsa da, Azərbaycana qarşı yeni ərazi iddiaları niyyəti ilə təxribatlar törətsə də, cənab İlham Əliyev dözmək həddinə, dözüm sərhədinə qədər dözdü. Nəhayət onların növbəti təxribatının qarşısı qətiyyətlə alındı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük və müqəddəs qələbəsi təmin edildi. Bu qələbə nəticəsində müstəqilliyimiz də, ərazi bütövlüyümüz də təmin edildi. Qarabağın incisi Şuşa düşmən işğalından azad edildi.

Hələ oktyabın 16-da Türkiyənin “A Haber” kanalına müsahibəsi zamanı cənab Prezident deyirdi: “…Amma Şuşasız bizim işimiz yarımçıq qalar… Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik.”

…Və budur Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Şuşanın işğaldan azad edilməsi günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də səhər-səhər Azərbaycan xalqına müjdə verir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm…

… Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”…

Artıq 17 ildir ki, cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin başladığı, lakin yarımçıq qalmış işləri mərdliklə, qətiyyətlə, uğurla və sədaqətlə (o cümlədən Molla Pənah Vaqiflə bağlı) başa çatdırmaqdadır. Hələ 1992-ci ildə Ümumilli liderimiz görüşlərinin birində deyirdi: “Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq…”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir… Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir” deyərək, 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il “Vaqif ili” elan ediləndə də, indi 2021-ci il avqustun 30-da Molla Pənah Vaqifin məqbərəsini və abidəsini bərpa edib açanda da, möhtəşəm “Vaqif Poeziya Günləri” keçirəndə də və bu ildən başlayaraq, hər il Şuşada bu tədbirin keçirilməsi barədə göstəriş verəndə də, O, bu işlərin ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını və onların davamı və bərpası olduğunu nümayiş etdirir.

Təbii ki, Prezidentimizin gördüyü çoxsaylı misilsiz işlərin fonunda Vaqifin məqbərəsinin bərpası, abidəsinin qoyulması və “Vaqif Poeziya Günləri”nin keçirilməsi kiçik görünə bilər. Lakin bu işlər də Qarabağda, Şərqi Zəngəzurda və Şuşada başlanmış nəhəng quruculuq və bərpa işlərinin bir issəsi olmaqla, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və dövlətçiliyi tarixində mühüm hadisədir, cənab İlham Əliyevin adı ilə tariximizə həkk olundu. Bütün bu işlər insanda qürur hissləri yaratmaqla, Prezident İlham Əliyevə ümumxalq sevgisi və məhəbbəti qazandırır.

İllər ötəcək, xalqımız Prezident İlham Əliyevin Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti qarşısındakı bu xidmətlərini də minnətdarlıqla yad edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin