Bineqedi.info saytının baş direktorunun ailəsində xoş gün – Prezident təltif etdi

0
hesenov-musa-hikmet-oglu1

26 iyun – Silahlı Qüvvələr Günü xalqımız üçün son dərəcə əlamətdar bir gündür. Lakin etiraf edək ki, 2021-ci ilin iyun ayının 26-sı bizim üçün daha fərqli oldu – bu günü qalib Xalq kimi qeyd etdik.

Bu gün münasibətilə Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərənlər, mənfur düşmənlərin qovularaq torpaqlarımızın işğaldan azad olunmasında iştirak edənlər layiqli şəkildə mükafatlandırıldılar və prosesin davamlı olacağı bildirilib.

26 iyun – Silahlı Qüvvələr Günündə cənab Prezident İlham Əliyev tərəfindən təltif edilənlər arasında Bineqedi.info saytının baş direktoru Hikmət Həsənovun övladı – tibb xidməti leytenantı Həsənov Musa Hikmət oğlu da var.

Məlumat üçün bildirək ki, Musa Həsənov Vətən müharibəsinin ilk günlərindən ağır döyüşlərdə iştirak edib və həm bir döyüşçü, həm də tibb işçisi kimi əlindən gələni əsirgəməyib.

Belə ki, M. Həsənov Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərdə gedən döyüşlərdə vuruşub.

Müharibə boyu digər hərbçilərimiz kimi o da həyatını itirmək təhlükəsi ilə üzləşsə də, bir addım da olsa geri çəkilməyib və həm yaralılarımızın müalicəsində, həm də düşmənlə mübarizədə xidmətlər göstərib.

Ağır döyüşlər vaxtı içərisində olduğu avtomobilin partlaması və yanması nəticəsində tibb xidməti leytenantı Həsənov Musa Hikmət oğlu yaralanıb və travma alıb.

Musa Həsənovun müalicəsi bu gün də davam etdirilir və 26 iyun – Silahlı Qüvvələr Günündə cənab Prezident İlham Əliyev tərəfindən təltif edilməsi onun üçün ikiqat bayram oldu.

Məlumat üçün bildirək ki, Musa Həsənov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonda onu da qeyd edək ki, Musa Həsənovun atası – Bineqedi.info saytının baş redaktoru, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Həsənov da Vətən müharibəsi dövründə göstərdiyi xidmətlərə görə bir müddət öncə təltif edilmişdi.

hikmet-hesenov-teltif

Hikmət Həsənov “N” saylı hərbi hissənin Fəxri fərmanı ilə təltif olunub.

Hikmət Həsənov Vətən müharibəsi dövründə hərbi hissənin şəxsi heyətinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Fəxri Fərmana layiq görülüb.

Hikmət Həsənova Fəxri fərmanı Hərbi hissənin qərargah rəisi – hərbi hissə komandirinin müavini F. Əliyev təqdim edib.

Biz də öz növbəmizdə təltif edilmiş bütün hərbçilərimizi, xidmətləri olmuş insanları, onların yaxınlarını ürəkdən təbrik edir, cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Bineqedi.info saytının əməkdaşları

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin