“Atamın doğum günündə mütləq burda olmalıydım”

0
prezident-ilham-aliyev

“Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim”.

Bunu Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, tarixi Zəfərdən sonra bu, Heydər Əliyevin birinci doğum günüdür:

“Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var.

Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım.

Babam Əlirza Əliyevin məzarını ziyarət etdim. Əlirza Əliyev və mənim nənəm İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər.

Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir.

Heydər Əliyev həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib.

Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə, bax, burada – Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Bu, artıq onların növbəti işğal planı çərçivəsində idi. Bu təhlükə var idi, bu təhlükə çox ciddi idi”.

Prezidentin sözlərinə görə, Azərbaycana o vaxt heç kim kömək etmirdi:

“Azərbaycanın ordusu yox idi, Silahlı Qüvvələri yox idi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir.

Əlavə olaraq deməliyəm, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün.

Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi.

1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.

Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin