“Rusiya Prezidenti bu sənədin qarantı kimi çıxış edir”

0
ilham-eliyev-yeni3

“Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına maneə olmaq cəhdləri bu ölkə üçün zərərverici olacaq”.

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəməzdim: “Məncə, məsələni özləri həll etsələr yaxşıdı. Ancaq qonşu ölkə olaraq, biz Ermənistandakı vəziyyətə biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına maneə olmaq cəhdləri bu ölkə üçün zərərverici olacaq. Mən artıq Prezident Putinin sitatını dilə gətirdim, onlar üçün bu, sui-qəsd olacaq. Vəziyyət bundan da qat-qat pis olacaq.

Mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı dəyişiklik bəyanatın icrasına təsir edə bilər. Birincisi, bu, artıq rəsmi imzalanmış sənəddir, ikincisi, burada Rusiya Prezidentinin də imzası var. Yəni, bu gün Ermənistanın Rusiyadan asılılığını nəzərə alsaq, müharibədən əvvəlki dövrlə müqayisədə 10 dəfə artıb, Ermənistanın buna cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın. Rusiya Prezidenti bu sənədin qarantı kimi çıxış edir. Ermənistanın hər hansı artıq gözləntisi olmasın. Ermənistan hakimiyyətinin iradəsindən asılı olmayaraq, istənilən halda 10 noyabr bəyanatı icra ediləcək”.

“10 noyabrda imzalanmış bəyanatda göstərilən məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılmasıdır. 1 dekabrda bu bölgələr bizə qayıtdı. Bəzi məsələlər təbii olaraq icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Prinsip etibarilə məsələ müsbət istiqamətdə gedir.

Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq. Bəzi məsələlər 10 noyabr bəyanatında əksini tapmayıb. Ondan sonrakı dövrdə razılaşdırılıb.

Bəzi məsələlər var ki, Rusiya sülhməramlı qüvvələri əcnəbi vətəndaşın buraxılmasında o qədər də ciddi addımlar atmır. Biz bu narahatlığı Rusiya tərəfinə çatdırırıq. Vaxt keçdikcə məsələlər tənzimlənəcək”.

“Hazırda Qarabağ ərazisində yaşayan erməni əhalinin Azərbaycan əhalisi ilə təması yoxdur”.

Dövlət başçısının sözlərinə görə, nəzərə almaq lazımdır ki, orada indi Azərbaycan əhalisi yoxdur: “30 il ərzində olmayıb və hələ ora qayıtmayıb. Ermənistan əhalisi Rusiya sülhməramlılarının nəzarətindədir və oradan da heç yerə çıxmırlar, çıxa da bilmirlər, hər tərəfə minalar səpələnib.

Ermənistan bütün dünya ölkələri kimi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu da qaçılmazdır. Artıq rəsmilər, işçi qruplar, baş nazir müavinləri, sərhəd qoşunları nümayəndələri səviyyəsində görüşlər əsasında olan əlaqələr müəyyən zəmin yaratmalıdır. Ermənistan tərəfi başa düşməlidir ki, bizi aldatmağa çalışmamalıdır. Amma biz bunu görürük ki, sözdə bir şey deyib, əməldə başqa şey edirlər. Səmimi iş görməlidirlər. Nəyəsə razılıq verirlərsə, etməlidirlər.

Azərbaycan əhalisi azad olunan ərazilərə qayıtdıqdan sonra təbii ki, orada artıq təmaslar yaranacaq. Xankəndidə və digər yaşayış məntəqələrindəki insanlar üçün Azərbaycan olmadan normal yaşayış mümkün deyil”.

“Qarabağda rəsmi dil məsələsi bir manupilyasiya növüdür. Bu, Azərbaycanın o bölgəsində özlərini qeyri-qanuni rəhbər adlandıranların manipulyasiyadır”.

Dövlət başçısı qeyd edib ki, bütün bunların heç bir təsiri ola bilməz: “Onlar istəyirlər lap “Suaxili” dilini elan etsinlər. Dağlıq Qarabağ mövcud deyil. Qarabağı hər kəs Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Bunlar cinayətkar xunta rejiminin son nəfəsidir. Guya ki, onlar dövlətdilər. Azərbaycanda Azərbaycan dili rəsmi dildir. Digər heç bir dilin rəsmi statusu ola bilməz. Eyni zamanda digər dillərə məhdudiyyət qoymuruq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin