Hulusi Akar Bakıdadır – Fotolar

0

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.

Bineqedi.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Akarı Heydər Əliyev adına Hava Limanında Azərbaycan müdafiə naziri Zakir Həsənov qarşılayıb. Hər iki nazir digər vəzifəli şəxslərlə birlikdə Ortaq Mərkəzdə xidmət edəcək türkiyəli hərbçilərlə görüşüblər.

H.Akar çıxış edərək bildirib ki. Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır: “Bunu hər kəs beyninə yazsın, heç kim unutmasın. Azərbaycan ordusu etməsi lazım olanı etdi. Azərbaycan əsgəri, Azərbaycanın azadlığı və müstəqilliyi, öz torpaqlarınızın yenidən azadlığa qovuşması üçün həqiqətən iman dolu sinənizi sipər etdin.

Azərbaycan müdafiə naziri Zakir Həsənov çıxış edərək “Qardaşlarımızı bu gün burada görməkdən çox xoşbəxtəm” deyib: “Türkiyə həmişə bizim yanımızda olub. Türkiyənin Prezidenti, müdafiə naziri və digər vəzifəliləri hər zaman Azərbaycana dəstək olublar. Türkiyəyə böyük dəstəyinə görə bir daha təşəkkür edirəm”.

Z.Həsənov qeyd edib ki, Hulusi Akarın bundan öncəki səfəri zamanı azərbaycanlı tankçı Valeh Məmiyevin onunla şəkil çəkdirdiyini xatırladıb və bildirib ki, həmin tankçı Vətən Müharibəsində şəhid olduqdan sonra cibindən nazir Hulusi Akarla olan şəkli çıxıb.

Daha sonra Hulusi Akar Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən sərgi ilə tanış olub.

Hulusi Akar Dağlıq Qarabağdakı sülhməramlılara nəzarət edən Ortaq Mərkəzdə xidmət edəcək türkiyəli hərbçilərlə (Mehmetçik) görüşdən sonra bir daha Azərbaycan müdafiə naziri Zakir Həsənovu təbrik edib. Bu zaman Akar və Həsənov qucaqlaşaraq bir-birinə dəstək ifadə ediblər.

Xatırladaq ki, ötən ayın əvvəli Bakıya səfəri zamanı da Hulusi Akar Zakir Həsənovla qucaqlaşaraq Zəfər münasibətilə onu təbrik etmişdi.


Qarabağda sülhməramlılara nəzarət edəcək Ortaq Mərkəzdə xidmət aparan türkiyəli hərbçilərlə görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlərə telefon vasitəsilə müraciət edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milli müdafiə naziri Hulusi Akara telefonla zəng edərək çıxış edib və onun nitqi səsgücləndirici vasitəsilə mərasimin keçirildiyi zalda əsgərlərə çatdırılıb.

Ərdoğan bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 gündə dastan kimi bir zəfərə imza atılıb: “Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi mübarizəsində əldə etdikləri zəfərə görə Azərbaycan ordusunu təbrik edirəm. Bu zəfər azərbaycanlı qardaşlarımız qədər bizi də xoşbəxt etdi və qürurlandırdı. Qardaş Azərbaycan Qafqaz islam Ordusunu necə dualarla, sevinc gözyaşları ilə qarşılamışdısa, dekabrın 10-da da Türkiyə Silahlı Qüvvələrini də eyni həyəcanla qarşıladı”.

Türkiyə Prezidenti daha sonra Ortaq Mərkəzdə xidmət edən türkiyəli əsgərlərə müraciət edib: “Sizin oradakı mövcudluğunuz ölkələrimiz arasındakı əlaqənin gəldiyi nöqtəni göstərən qürur nişanıdır. Türkiyə olaraq hərbi qələbəsini diplomatic uğurla taclandırmaqda olan Azərbaycanın mübarizəsini meydanda və bütün beynəlxalq platformalarda dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında əldə edilən atəşkəsin həyata keçirilməsinə nəzarət üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzu edirəm”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin