Binəqədidə həyat yoldaşına xəsarət yetirən şəxsin məhkəmə prosesi başa çatıb

0

Bakının Binəqədi rayonunda həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunan Biləsuvar sakini, 1986-cı il təvəllüdlü Elnur Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Binəqədidə kirayədə qalan Elnur Əmirov oğluna dərs hazırlamaqda kömək edən həyat yoldaşı Aygün İbadovadan telefonu istəyib. Qadının telefonu divanın altına atması səbəbindən onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Elnur Əmirov Aygün İbadovanın bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elnur Əmirovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Əmirov bildirib ki, Aygünlə 2007-ci ildə ailə həyatı qurub, birgə nikahdan 2 övladları var: “Rəsmən heç bir yerdə işləməsəm də, Binəqədidə Z.Bünyadov prospektində yerləşən dəmir sexində fəhləlik edirəm. Ailə həyatı qurandan bəri Bakı şəhərində müxtəlif ünvanlarda, 2016-cı ildən Binəqədi rayonu, DSK yolu, avtobus parkının arxasında fərdi tikilmiş evdə kirayə yaşayıram. Aygünlə aramızda normal ailə münasibətləri olub”.

Təqsirləndirilən şəxsin ifadəsunə görə, hadisə günü axşam saat təxminən 17 radələrində evə gələrkən qapını açan olmadığını görüb: “Bir saat gözləsəm də arvadım Aygünlə oğlum Nihadın evə hələ gəlmədiyini düşünüb, oradan getdim. Böyük oğlum Emin mart ayından Biləsuvar rayonunda valideynlərimin yanında qalır. Kiçik oğlum Nihad isə özümüzlə qalırdı, dərsləri ilə əlaqədar hazırlığa gedirdi.

Qapının qarşısında 1 saatdan artıq gözləməyimə baxmayaraq Aygünün mobil telefonuna zəng vurmadum, harada olmasını soruşmadım. Çünki 1 həftə öncə aramızda pul üstündə narazılıq olmuş, inciklik yaranmışdı”.

Elnur Əmirov qeyd edib ki, Aygündən korona pandemiyası ilə əlaqədar pul qazana bilmədiyini deyib və Nihadın müəllim yanına müvəqqəti olaraq getməməsini istəyib: “Axşam saat 21.00-da evə gələrkən Aygünün Nihadın dərsləri ilə məşğul olduğunu gördüm, Nihaddan harada olmalarını soruşarkən, o, evdə olduqlarını bildirdi. Nihada yalan danışdığını dedim. Ondan müəllim yanına gedib-getmədiyini soruşduqda “hə” cavabı verdi.

Nihadın mənə yalan deməsi və Aygünün buna bilə-bilə susmasına əsəbləşdim. Oğlumun yalan danışmasına öyrədildiyini anladım. Əsəbimdən Aygünə gecə vaxtı dərslə məşğul olmaq vaxtının olmadığını bildirdim. Aygün isə Nihadın müəlliməsinin “Vatsap” vasitəsilə dərslər göndərdiyini və həmin dərsləri yerinə yetirdiklərini bildirdi.

Aygünə müəllimə gecə vaxtı dərs tapşırırsa, mənim mobil telefonuma göndərməli olduğunu bildirdim. Aygün mənə müəllimin mobil telefon nömrəsini verməkdən imtina etdi, mənimlə mübahisə etməyə başladı”.

Elnur Əmirovun sözlərinə görə, bundan daha da əsəbləşib, Aygünün üzərinə gedib və ondan mobil telefonunu tələb edib: “Aygün telefonu verməkdən imtina etdi. Telefonu onun əlindən almağa cəhd etdim və dartışmağa başladıq. Təxminən 1-2 dəqiqə dartışmadan sonra Aygün mənə qarşı hörmətsizlik edərək mobil telefonu divanın altına atdı. Bu hərəkət məni özümdən çıxartdığı üçün şillə ilə onun sifət nahiyəsinə 1 dəfə zərbə vurdum.

Aygün bir də ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt Nihad divanın altında olan mobil telefonu götürərək mənə verdi. Aygün əsəbləşdiyi üçün Nihadı qonşudan sakitləşdirici dərman almağa göndərdi. Bir qədər sonra adını Şəmsiyyə kimi xatırladığım qonşumuz da Nihadla birlikdə bizə gəldi. Şəmsiyyə Aygünə dərman gətirdi və Aygünün əsəbi olduğunu görərək onu öz evinə apardı. Bir qədər sonra saat təxminən 23 radələrində Aygünlə Nihad evə gəldilər”.

Elnur Əmirov bildirib ki, ertəsi gün səhər tezdən işə gedib və axşam işdən qayıdarkən Aygünlə Nihadın evdə olmadığını görüb: “Sonradan mənə məlum oldu ki, Aygün həmin günü barəmdə polisə şikayət edib, sonra Şirvan şəhərində yaşayan əmisinin yanına gedib”.

Elnur Əmirov ifadəsinin sonunda arvadı ilə barışdığını, aralarında heç bir problemin olmadığını, əməlindən peşman olduğunu söyləyib. O, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edib.

Zərərçəkmiş Aygün İbadova da ifadəsində əri ilə barışdığını, onu bağışladığını qeyd edib.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Elnur Əmirovun barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin