QƏLƏBƏMİZİN SEVİNCİ TÜKƏNMƏZDİ

0
aslan mehdiyev
Hər gün qulağı səsdə, gözü yolda olmaq bizim 30 illik yaşam tərzimizə çevrilmişdi. Demək olar ki, xəbərləri izləməkdən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarını oxumaqdan, dinləməkdən, beynəlxalq təşkilatların hər sözünə diqqət yetirməkdən yorulub usanmışdıq. Nəfəsimiz tükənmək, dizlərimiz qatlanmaq üzrə idi. Hətta şadlıq məclislərində, səmimi bir süfrə arxasında əyləşəndə belə, Qarabağda yurdla bağlı arzular dilə gətirmək istəyimiz də azalırdı, tükənirdi.
Bu illər ərzində o qədər “Allah qoysa Füzulidə…”, “Allah qoysa Tuğda…”, “İnşallah Şuşada…” və s. diləklər diləməkdən dilimiz qabar bağlamışdı. Hətta “lazım gəlsə…” deməkdən də sözü urvatdan salmışdıq. Amma bilməmişdik ki, bütün bunlar bir gün çin olacaq, gerçəkləşəcək. Biz heyrət içində baş verənlərin canlı şahidinə çevriləcəyik. Həm də bütün varlığımızla anlayıb qürur duyacağıq. Çünki bizə bu heyrəti də, bu qürur hissini də Ali Baş Komandanımız yaşadacaq!..
Bu günün gələcəyinə ürəyimin ən dərin qatlarında inam var idi. Bu inamı mənə Ulu Öndərimiz təlqin etmişdi, o səpmişdi ürəyimə. Və mən də cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müəyyən zaman kəsiyində vəzifədə işləmişəm. Onun jestləri, müəyyən hərəkətləri məndə həmin o səpilən ümidi göyərdirdi. Görürdüm ki, “ot kökü üstündə bitib”. Heydər Əliyev tərbiyəsi, məktəbi, Prezidentimizin canına, qanına hopub. Və təbii ki, tutduğu vəzifə də onu daha çox öyrənməyə və yönəltməyə hazırladı. Bu gün bizim səbirsizliklə gözlədiyimiz anı cənab Prezidentimiz özünə aid guşədə damla-damla işlədi, yetişdirdi və sentyabrın 27-də bütün dünyaya açıq şəkildə bəyan etdi. Əgər xatırlayırsansa, ümummilli liderimiz uğurlu Horadiz döyüşü ilə bizim bugünkü ümidimizin, inamımızın bünövrəsini qoydu. Sonra Aprel döyüşü… Tovuz döyüşü… İndi isə çox şükürlər olsun ki, biz sərhədlərimizin tam bərpası ərəfəsindəyik. Bu, sözlə ifadə edilməyəcək bir QƏLƏBƏdir! Mən o Qələbənin addım səslərini artıq eşidirəm…
Bəli, mən onu dinlədikcə Füzulinin işğaldan azad olunması xəbərini necə ürək çırpıntısıyla qarşıladığımı da yadıma salıram. O sevinci necə həyəcanla bölüşdüyünü də xatırlayıram.
Ali Baş Komandan bütün xalqımızla bərabər mənə də QƏLƏBƏ sevinci ilə arzularını qanadlandırmaq, onları həyata keçirmək inamı verib, həmin inamla yaxın zamanda düşmən tapdağından azad olmuş yurdlarımıza səfər edəcəyik.

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri: Aslan Mehdiyev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin