“Bu dəfə də Azərbaycan qadınının gözündən xoşbəxtlik yaşları axacaq!”

0
bineqedi-gencler-cebhe

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü ürəyi vətən eşqi ilə döyünən hər bir vətəndaşı duyğulandırmaya bilməzdi.

Azərbaycan xanımı, bir ana olaraq Azərbaycan qadınlarını dünyada təmsil edən, bu adı şərəflə daşıyan Mehriban xanım Əliyevanın görüş zamanı üzüntüsünü hiss edən hər kəs Azərbaycan qadınının içindəki mərhəmət və məhəbbətin necə böyük olduğunu hiss etməyə bilməzdi.

Azərbaycan ordusunun gücü, onun qələbə əzmi ilə bərabər vətən övladının ayağına dəyən kiçik daşın belə ana ürəyini necə incitdiyini görmüş oluruq. Mehriban Əliyeva əsl Azərbaycan xanımı keyfiyyətləri ilə dünyaya mühüm və danılmaz mesaj vermiş oldu. Onun gözündən süzülən yaş – mərhəmətin, sevginin, barışın və dünyadakı bütün amalların tərifi idi.

Düşmən ölkənin xanım nüməyəndələrindən fərqli olaraq, Azərbaycan qadının ruhunda kübarlıq, ədalət və mərhəmət var.

Eyni zamanda, ölkə başçısının səsləndirdiyi fikirlər bizim necə haqlı mövqedə çıxış etdiyimizi bir daha, yenidən sübut etdi. Ölkə başçısı, Ali Baş Komandanın: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?! Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”-deyə səsləndirdiyi bu cümlələr əslində hər kəs üçün böyük mesaj idi.

Yaralı əsgərlərimizin yüksək döyüş əhval-ruhiyyəsi ilə Ali Baş Komandanın önündə məğrur duruşu, böyük arzu ilə tez sağalıb yenidən cəbhələrə qayıtmaq arzuları şanlı ordumuzun qalibiyyətinin elə də uzaq olmadığının göstəricisidir.

Əminliklə deyə bilərik ki, Xalqımızın, Ordumuzun haqq savaşına olan inamı qısa zaman ərzində qalibiyyəti bizlərə bəxş edəcək.

Bu dəfə də Azərbaycan qadınının gözündən xoşbəxtlik yaşları axacaq!..

Ayna Allahyarqızı
“Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin Binəqədi rayon şöbəsinin sədri

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin