Məni, səni, bizi qoruyan Polis, bayramın mübarək!

0

2 iyul Azərbaycan Polisi Günüdür. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Azərbaycan polisi ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.

vilayet-eyvazov

Məhz buna görə ölkə başçısı çıxışlarında onların əməyini daim yüksək qiymətləndirərək deyir: “Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.

bineqedi-rayon-polis-idaresi

Prezident İlham Əliyevin sərəncamı ilə Daxili işlər naziri vəzifəsinə təyin edilən Vilayət Eyvazov göstərdiyi peşəkar fəaliyyətlə ona göstərilən etimadı layiqincə doğrultmaqdadır. Hörmətli nazirin peşəkar fəaliyyəti təkcə uğurlu idarəetmə ilə deyil, həm də uğurlu kadr islahatları ilə yadda qalmaqdadır. Sevindirici haldır ki, bu təyinatlar xalqın Azərbaycan polisinə olan güvənini daha da artırır.

Binəqədi ziyalılarından biri kimi müşahidə və gördüklərimə əsasən deyə bilərəm ki, belə uğurlu təyinatlardan biri də Binəqədi rayonu ilə bağlıdır.

Belə ki, ötən ilin sonlarında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunan Cavid İsmayılov hesab edirəm ki, cənab nazir Vilayət Eyvazovun ən layiqli və uğurlu təyinatlarından biridir…

Xüsusilə vurğulamaq istərdim ki, Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin rəhbərliyi ilə koronavirus pandemiyası ilə mübarizədə Binəqədi polisləri əsl fədakarlıq göstərirlər.

Uğurlu və peşəkar fəaliyyətdən söhbət gedirsə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polkovnik leytenant Nəriman Bayramovun və onun tabeliyində fəaliyyət göstərən əməkdaşların cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm xidmətlərini xüsusi vurğulamaq lazımdır.
Məhz bu peşəkarlığın nəticəsində əksər cinayətlər isti izlərlə açılır, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunurlar.

Hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir.

Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi isə xidməti borcunu layiqincə yerinə yetirir.

Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar.

Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən, Binəqədi sakinləri tərəfindən məmnunluqla qarşılanır.

bineqedi-besinci-polis-bolmesi

Binəqədi Rayon Polis İdarəsinin, o cümlədən 5-ci polis bölməsinin əməkdaşları sözün həqiqi mənasında fədakarlıq nümayiş etdirirlər. Onlar yardım istəyən vətəndaşlara kömək edir, insanları maarifləndirir və qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirirlər.

Bax, əsl polislər məhz belə olmalıdırlar. Bayramınız mübarək, əziz Polislər. Sizə bu çətin və şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Hikmət Həsənov, Bineqedi.info saytının baş direktoru

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin