Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb – Evlərə zirzəmidən girirmiş

0
bineqedi-besinci-polis-bolmesi

Binəqədi rayonu, 7-ci mikrorayon S.S.Axundov küçəsində yaşayan Mahir Cəbiyevin evindən oğurluq edilib.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs evə daxil olaraq dolabdan ümumi dəyəri 6000 manat olan qızıl-zinət əşyaları oğurlayıb.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Oğurluq hadisəsini törədən şəxsin mənzilə binanın zirzəmisindən daxil olduğu müəyyən edilib. Belə ki, hadisə baş verən mənzil birinci mərtəbə yerləşdiyindən ev sahibi otaqların birinin döşəməsindən zirzəmiyə yol açaraq oradan saxlanc yeri kimi istifadə edib. Oğurluq edən şəxs də evə mənzilin zirzəmiyə açılan taxta qapısını qıraraq daxil olub. Həmçinin polis bölməsində baş verən oğurluq hadisəsi ətrafında araşdırma aparılan zaman paytaxt ərazisində son iki ay ərzində eyni üsulla, yəni zirzəmidən daxil olmaqla birinci mərtəbələrdə yerləşən daha 6 mənzildən oğurluq edildiyi müəyyən olunub. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Dadaşov tutularaq istintaqa təqdim edilib. Saxlanılan şəxs ifadəsində Binəqədi rayonunda 2, Nəsimi rayonunda isə 5 mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını etiraf edib.

Qeyd edək ki, Çingiz Dadaşov saxlanılan zaman onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində rayon ərazisində yerləşən gözəllik salonları və tibb müəssisələrindən silsilə oğurluqlar edən daha iki nəfər saxlanılıb. Əməliyyat zamanı paytaxt sakinləri Rəhman Dadaşzadə və Ayxan Həsənov tutularaq Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin