Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb – Fotolar

0
kemaleddin-qafarov

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizədədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Bineqedi.info saytına verilən məlumata görə, K. Qafarov rayonun 7-ci Binəqədi küçəsindəki 3205-ci məhəllənin və Ə.Ağayev küçəsinin sakinləri – Ə. Mahmudov, V.Məlikov, X.Amaşov, A.Cəfərov və başqalarının dəvəti ilə 6-cı mikrorayonda seçicilərlə görüş keçirib.
Görüşün əvvəlində Kamaləddin Qafarov ölkədəki iqtisadi-siyasi vəziyyət, mövcud sosial durum, 2020-ci il Dövlət Büdcəsinin əsas parametrləri haqqında seçicilərə ətraflı məlumat verib. O, bir çox sahələri əhatə edən islahatların Azərbaycanın yaxın illərdəki inkişafının əsas təkanverici qüvvəsinə çevriləcəyini xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın neqativ hallara qarşı mübarizəsini ürəkdən bəyəndiklərini bildirən seçicilər ölkəmizin irəliyə inkişafını əngəlləyən məmurların hələ də mövcud olduğunu bildiriblər. Məhz bu tipli məmurların onların yaşadıqları məhəllənin mərkəzindəki su anbarının və ətrafda olan abad parkın yerində çoxmərtəbəli yaşayış binası tikmək niyyəti sakinlərdə ciddi narahatlıq doğurub. Məhəllə sakinlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin etirazlarına baxmayaraq, həmin şəxslər məhkəmə yolu ilə məhəllənin infrastrukturunu qanunsuz olaraq dəyişərək, orada çoxmərtəbəli yaşayış evi tikmək istəyirlər. 8 dəfə məhkəmə iclası olmasına baxmayaraq, hələ də çəkişməyə aydınlıq gəlməyib.
K. Qafarov seçiciləri dinlədikdən sonra özünün seçki qərargahının səlahiyyətli nümayəndələrinə məsələni qısa müddətdə araşdırılıb, əldə edilən nəticələr üzrə qanuni tədbirlər görülməsi ilə bağlı konkret tapşırıqlar verib, nəticə barədə məhəllə sakinlərini və müvafiq strukturları xəbərdar etməyi tapşırıb. Məsələ deputatlığa namizədin nəzarətinə götürülüb.
Bundan əlavə, Ə.Ağayev küçəsindəki 120 saylı binanın sakinləri evin arxa hissəsində olan boş ərazidə mini stadion və ya sadə idman qurğularının quraşdırılması ilə bağlı qaldırılmış məsələnin həll olunmasında da K.Qafarovdan kömək istəyiblər. VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizəd Kamaləddin Qafarov bu məsələni qısa müddətdə Binəqədi Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların qarşısında qaldıracağını və onun müsbət həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüş zamanı çıxış edən seçicilər ölkəmizdə keçirilən köklü islahatları ürəkdən dəstəklədiklərini bildirib, qarşıdakı nəhəng quruculuq işlərində dövlətin, ölkə Prezidenti İlham Əliyevin yanında yer alacaqlarını birmənalı şəkildə vurğulayıblar.
Seçicilər dəvətlərini qəbul edib gəldiyi üçün Kamaləddin Qafarova dərin minnətdarlıqlarını bildirib və fevralın 9-da ceçki prosesində layiqli namizədə səs verəcəklərini bəyan ediblər.

kemaleddin-qafarov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin