YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüş keçirilib – Fotolar

0
yap-bineqedi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin 23 dekabr tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, millər vəkili, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyasının Rəsulzadə və Binəqədi qəsəbə Bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş şəxslər və həmin ərazilər üzrə seçicilər iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov Azərbaycanda seçki tarixindən, seçki sisteminin formalaşdırılmasından söhbət açıb. Hər bir vətəndaşın səsvermə hüququndan istifadə etməsinin vacibliyini bildirib. Bütün seçiciləri qarşıdan gələn Bələdiyyə seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə səsləyib. Ramiz Göyüşovun sözlərinə görə ölkəmiz demokratik, hüquqi dövlət olaraq vətəndaşların inkişafı, azadlığı, öz iradəsinin təminatı istiqamətində daim islahatlar həyata keçirir. Seçmək, seçilmək hüququ da vətəndaşlarımıza verilən və Konstitutsiya ilə müəyyən olunan müstəsna hüquqlardan biridir. Bu baxımdan vətəndaşlarımız öz gələcək taleyinə biganə qalmamalı, seçkilərə qatılaraq öz namizədini dəstəkləməlidir.

yap-bineqedi

Kamaləddin Qafarov çıxışında ölkəmizdə bələdiyyələrin təsis olunması tarixindən, bu sahədə qanunvericiliyin formalaşdırılmasından ətraflı bəhs edib. Bələdiyyələrin inkişafı, inkişaf etmiş ölkələrin bələdiyyələri səviyyəsinə yüksəldilməsi istiqamətində daim işlərin görüldüyünü söyləyib. Bələdiyyələr dövlətin və xalqın həyatında önəmli yer tutan bir qurumdur. Onların inkişafı birbaşa dövlətin və cəmiyyətin inkişafına təsir edir. Çünki təyinat əsasında deyil, seçkilərin keçirilməsi, xalqın iradəsi əsasında formalaşan bələdiyyələr yerli özünüidarəetmə orqanı olaraq daim xalqın içindədir, onun sifarişini, istək və arzularını bilir. Təbii ki, bələdiyyələr onlara olan ümidləri tam doğrultmalıdırlar. Bu yüksək məsuliyyəti öz üzərinə götürən bələdiyyə üzvləri daim vətəndaşlarla ünsiyyətini sıxlaşdırmalı, onların rifahına çalışmalıdır. O, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərdə bu keyfiyyətlərin olduğuna inamını ifadə edib. Millət vəkili qarşıdan gələn seçkilərdə partiya tərəfindən irəli sürülən bütün namizədlərə uğurlar arzulayıb.

Görüşdə seçicilər qarşısında çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən Rəsulzadə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Hümbət Hüseynov, Leyli Tahirova, Nurlan Hacıyev, Nəzirə Rzazadə, Çinarə Ağayeva, Binəqədi qəsəbə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Niyaz Niftiyev, Rəşad İsayev, Afiq Qasımov bələdiyyənin inkişafı, seçicilərin maraqları naminə səylə çalışacaqlarını, onlara göstərilən etimadı doğruladacaqlarını söyləyiblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin