Binəqədi rayonunda “Qurtuluşdan Tərəqqiyə” adlı tədbir keçirilib – Fotolar

0
bineqedi-rayonu

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü və Heydər Əliyev dərslərinin yekunu ilə bağlı “Qurtuluşdan Tərəqqiyə” adlı tədbir keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin YAP Binəqədi Rayon Təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoymuş və əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirin rəsmi hissəsinə başlamazdan öncə Heydər Əliyev dərslərinin silsilə tədbirlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları və Heydər Əliyev dərslərinin iştirakçısı olan məktəbliləri salamlayıb. Bu dəsrlərin ümummilli lider Heydər Əliyevin zəngin irsinin araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr olunduğunu bildirib. Ramiz Göyüşovun sözlərinə görə, Heydər Əliyev dərsləri artıq altıncı ildir ki, keçirilir. Bu il dərslərin formatında bir qədər dəyişikliklər edilərək, mühazirələrə ictimai, siyasi xadimlərin, eləcə də idarəetmədə təcrübəsi olan şəxslər cəlb edilib. Dərslər interaktiv qaydada keçirilərək məktəblilərin daha çox bilik və məlumatlar əldə etməsinə xidmət edib. Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, onların araşdırılmasına və öyrənilməsinə uzun illər belə yetməz. Ona görə Azərbaycanımızın müstəqilliyinin qorunub-saxlanılmasına, müasirləşməsinə və inkişafına əvəzsiz töhfələr verən bu siyasi irsin gənc nəsillərə çatdırılmasına daim səy göstərilməlidir. Ramiz Göyüşov daha sonra hər kəsi Qurtuluş Günü və son zəng münasibətilə təbrik edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Əsgərov çıxış edərək qeyd edib ki, Heydər Əliyev dərslərinin keçirilməsinin başlanmasından ötən müddət ərzində ilk dəfədir layihəyə bu formatda yekun vurulur. Bu ənənənin gələcəkdə də davam etdirilməsi və yekun tədbirin növbəti Qurtuluş Günlərinə salınması daha məqsəduyğun olar. Hüseyn Əsgərov daha sonra “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və ordu quruculuğu” və “Heydər Əliyevin təşəbbüsü ilə gənclərin xaricdə təhsili” mövzularına həsr olunmuş geniş məruzə ilə çıxış edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev böyük idarəçilik və siyasət məktəbidir. Ulu öndər təkcə Azərbaycanın deyil, türk dünyasının, Şərqin və bütün dünyanın sayılıb-seçilən dahilərindən biridir. Heydər Əliyevin fəaliyyətini özündə əks etdirən faktları sadalamaqla kifaytlənməməliyik, eyni zamanda dahi şəxsiyyətin fəaliyyətinin fəlsəfəsini, mahiyyətini, ölkəmiz üçün uğurlu nəticələrinin araşdırmalı və gənclərə çatdırmalıyıq. Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub, saxlanılmasına xüsusi önəm verirdi. Çıxışlarında dəfələrlə qeyd edirdi ki, “Milli-mənəvi dəyərlərə sahib olmayan nəslin vətəni ola bilməz”. Dünyaya inteqrasiyaya yüksək əhəmiyyət versə də milli-mənəvi dəyərlərin qorunub, saxlanılmasını, gənclərimizin milli ruhda, milli vətənpərvərlik hissləri ilə yetişməsini daim təbliğ edirdi. Hüseyn Əsgərov, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və yayılması istiqamətində həyata keçirdiyi çoxsaylı islahatlardan bəhs etdi. Ordu quruculuğu və ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyi dövründə gənclərin xarici ölkələrdə təhsil alması istiqamətində mühüm dövlət tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

yap-bineqedi-rayon-teskilati
Binəqədi rayonu 284 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nizami Novruzov çıxış edərək “Kitabi-Dədə Qorqud” dastanı haqqında ensklopediyanın nəşr olunmasını, ulu öndər Heydər Əliyevin həmin nəşrə ön söz yazmasını, UNESCO tərəfindən dastanın 1300 illiyinin keçirilməsini yüksək diqqət və qayğının təzahürü olduğunu söyləyib. Həmçinin Suriyanın Hələb şəhərində dahi İmadəddin Nəsiminin məzarının ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə abadlaşdırıldığını, ziyarət olunduğunu nəzərə çatdırıb.
Binəqədi rayonu 99 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, Heydər Əliyev dərslərinin məruzəçisi Ruslan Məhiyev Heydər Əliyevi türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürklə müqayisə edərək əvəzolunmaz dövlət xadimi adlandırıb. Yüksək siyasi iradəsi olan dahi şəxsiyyətin 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Binəqədi rayonu 314 nömrəli tam orta ümumtəhsil məktəbinin11-ci sinif şagirdi, Heydər Əliyev dərslərinin iştirakçısı Səbinə Nəsibli də çıxışında ulu öndərə həsr etdiyi esse yazısını təqdim edib.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qeyd edib ki, Ümummilli lider, müstəqil və müasir Azərbaycanın qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən başlanan siyasi hakimiyyəti, keçmiş SSRİ daxilində daşıdığı yüksək dövlət vəzifələrində olarkən Azərbaycanın milli maraqlarına xidmət edən əvəzsiz fəaliyyəti, daha sonra xalqın inam və etibarından qaynaqlanaraq 91-lər hərəkatının vüsət alması və Azərbaycan xalqının 91 nəfər ziyalısının təkidli xahişi ilə Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması, tariximizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Milli Məclisin sədri, daha sonra həmin ilin oktyabr ayının 3-də xalqın mütləq əksəriyyətinin səsverməsi ilə prezident seçilməsi dövlətimizin və xalqımızın ən parlaq tarixi səhifələrindən biridir.
Bu baxımdan ulu öndərin zəngin və çoxşaxəli irsi daim araşdırılmalı, öyrənilməli və gənclərə çatdırılmalıdır. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunun tam orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən silsilə Heydər Əliyev dərsləri də məhz bu amala xidmət edir.
Tədbirdə il ərzində Heydər Əliyev dərslərində iştirak edən ən fəal 32 şagird və bir məruzəçi müəllimin mükafatlandırılması mərasimi keçirilib. Bədii hissə ilə yekunlaşıb.
Sonda kollektiv xatirə şəkli çəkdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin