BİNƏQƏDİ RAYONU – qədim tarixi və memarlıq abidələri…

0

Binəqədi rayonu ərazisində qədim tarixi, memarlıq və mədəniyyət abidələri çoxdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş Hamam bunlardan biridir. 1908-ci ildə inşa edilmiş Məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid Ovdan, IX – XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid Karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş Məscid də belə abidələrdən biridir.

Arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən Neft mədənləri ərazisində Tunc dövrü “Nekropol”u, neft mədənləri ərazisində XV-XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən “Dövlət Qoruğu” elan edilmiş “Binəqədi IV dövr fauna və flora qəbiristanlığı” və “Keyrəki” vulkan dağını da bu mədəniyyət nümunələrinə misal göstərmək olar.

Bundan əlavə, rayon ərazisində son illər və eyni zamanda, əvvəllər yaradılmış, lakin dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilməmiş mədəniyyət abidələrindən Binəqədi qəsəbəsində mövcud olan ilk neft quyusu da mövcuddur.

Binəqədi rayonu ərazisində həmçinin aşağıdakı heykəltaraşlıq abidələri var:
Binəqədi Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi (heykəltəraş – Azad Əliyev), rayonun 6-cı mikrorayonunun ərazisində akademik Zərifə Əziz qızı Əliyevanın adını daşıyan parkda onun abidəsi (heykəltəraş – Ömər Eldarov, 2001-ci il), Atatürk prospektində ictimai xadim Ayna Sultanovanın abidəsi (heykəltəraş – Minəvvər Rzayeva, 1986-cı il), 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun və Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi (1995-ci il), Cəfər Xəndan küçəsi və Azadlıq prospektinin kəsişməsində yerləşən parkda Rumın bəstəkarı, ictimai xadim Corce Eneskunun abidəsi (heykəltəraş – Natiq Əliyev, 2006-cı ilin oktyabr ayı), Rəsulzadə qəsəbəsində yerləşən şəhid Ramiz Nazim oğlu Aboyev adına parkda onun büstü (heykəltəraş – Eldar Həsənov, 1996-cı ilin yanvar ayı), 9-cu mikrorayonda H.Babaşov küşəsində şəhid Həmzə Babaşovun büstü, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən F.Hümbətov adına parkda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Qəmbər oğlu Hümbətovun büstü (heykəltəraş – Aydın Məmmədov, 2001-ci il), Biləcəri qəsəbəsində 20 yanvar şəhidlərinin xatirəsinə “Güllə yağışı” abidə kompleksi (heykəltəraş Azad Əliyev, 19 yanvar 2013), Biləcəri qəsəbəsində Milli Qəhrəmanlar abidə-kompleksi və 8 Milli Qəhrəmanın büstü və s.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin