Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi barədə maraqlı faktlar

0
bineqedi-fauna-flora-tebiet-abidesi

“Binəqədi IV dövr fauna və flora təbiət abidəsi” nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri hesab olunur.
Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Binəqədi faunası – Abşeron yarımadasının mərkəzində, Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilmişdir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi tələyə çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir.
Hazırda Binəqədi qır yatağının öyrənilməsi tarixində yeni mərhələ – müxtəlif elm sahələri üzrə alimlərin cəlb olunduğu kompleks tədqiqat mərhələsi aparılır. Abidənin tədqiqatında palentoloqlarla yanaşı, geoloqlar, kimyaçılar və arxeoloqlar da iştirak edirlər. Arxeoloqların iştirakı Binəqədidə orta paleolit dövrü insanının maddi-mədəniyyət qalıqlarının aşkarlanmasına imkan verəcəkdir.
Abidə 1982-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Təbiət Abidəsi elan olunmuşdur.
Keçən əsrin ortalarınadək Azərbaycan ərazisində daş dövrü abidələri haqqında nəinki heç bir məlumat olmamış, hətta onların aşkarlanması üçün ciddi səylər belə göstərilməmişdir. Lakin Binəqədidə nadir yataqların aşkara çıxarılması nəticəsində bu tapıntıları tədqiq edən alimlər nəzəri olaraq bölgədə ibtidai insanların yaşadıqlarını əsaslandırmağa başlamışlar. Bu mənada arxeoloqların mövqeyi də istisna təşkil etmirdi. Çünki öküz, maral, at və digər iri məməlilərin zənginliyi həmişə qida axtarışında olan ibtidai insanların diqqətini cəlb etməyə bilməzdi.
“Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”ndə 300-ə yaxın heyvan və 22 növ bitki qalıqlarının aşkarlanmışdır. Aşkar olunmuş növlərdən 20-si nəsli kəsilmiş heyvanlardır. Bunlardan mağara şiri, mağara pələngi, nəcib maral, hepart, bəbir və digərlərini misal göstərmək olar. Burada 43 məməli, 107 quş, 2 sürünən, 1 suda-quruda yaşayan canlının qalıqları aşkarlanmışdır. Onurğasız heyvanlardan isə buğumayaqlıların 120-dən çox növü, mollyuskaların 1 növü təyin olunmuşdur.
Yeni paleontoloji ekspedisiya AMEA, Binəqədi Rayon İcra Hakimiyyəti və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında fəaliyyət göstərir. Ekspedisiyaya AMEA-nın tanınmış alimləri cəlb olunmuşlar. Ərazi qısa müddətdə təmizlənmiş, gələcək işlər üçün münbit şərait yaradılmışdır. Məqsəd bu nadir təbiət abidəsinin öyrənilməsi, elmi şəkildə araşdırılması və açıq səma altında yerləşən nadir fauna və flora, neft muzeyinin yaradılmasıdır. Bunun nəticəsində ərazidəki qır süxurlarının tərkibində aşkarlanacaq yeni fauna və flora nümunələrinin təsnifatı aparılacaq, yataqda paleontoloji, geoloji kəşfiyyat işləri davam etdiriləcəkdir. Süxurların mütləq yaşının təyin olunması diqqətdə saxlanılacaqdır.
Ərazidə buruq və qazma işlərinin aparılması, seysmoloji vəziyyətin öyrənilməsi və radar vasitəsilə sümüklərlə zəngin olan süxurların da aşkar edilməsi nəzərdə tutulur. Neft muzeyinin yaradılması üçün ərazidə 32 quyu ilkin vəziyyətinə gətiriləcəkdir. “Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”ndən bəhs edən elmi əsərlərin və məqalələrin yenidən çap olunması nəzərdə tutulur. Eyni zamanda, abidənin internet səhifəsi yaradılacaqdır.
Burada aşkara çıxarılan fauna və flora qalıqlarının yaşı 50-150 min ili əhatə edir. 1938-ci ildə tapılmış kərgədan sümüyü dünya palentologiya elmində “Binəqədi kərgədanı” adı ilə məşhurdur. Binəqədidəki bu abidənin analoqu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranço La Brea muzeyi sayılır.
Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranco-Lya-Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Yazıçı V.V.Boqoveçin müəllifi olduğu “Карищина первобытной природы Абщерона” adlı kitabda rayona dair məlumatlar öz əksini tapmışdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin