Qeyri-neft sektorunun hansı sahələrini inkişaf etdirək? – Təkliflər

0
manat-dollar

Neftin ucuzlaşması, dünya iqtisadiyyatında müşahidə olunan böhran ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini daha da aktuallaşıb. Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bir daha bu mövzuya toxunaraq deyib: “Yaxın illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Biz indi ixracın şaxələndirilməsi ilə ciddi məşğuluq. Elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin”.

Bəs qeyri-neft sektorunda ölkəmizə gəlir gətirəcək, inkişaf etdiriləcəyi təqdirdə yeni iş yerlərinin açılmasına imkan verəcək hansı sahələr var? Burada söhbət həm də SSR dövründə mövcud olan, lakin sonradan “unudulan” sahələrdən gedir. Suallarımızı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov cavablandırdı.

– Aqrar sektorda müəyyən istiqamətlər var ki, onların inkişafı həm iş yerlərinin yaradılması, həm də ölkəyə valyutanın daxil olmasına imkan yarada bilər. Qeyri-neft sektoru yalnız aqrar sektordan ibarət deyil, emailedici sektor da vacib sahələrdəndir. İndiki vaxtda xammal bazasının yaradılmasına da ehtiyac var. Eyni zamanda emaledici məhsulların istehsalının təşviq edilməsi mümkündür.

Aqrar sektorda Azərbaycan pambıqçılıq üzrə ənənəvi müsbət üstünlüyə malik olub. Bildiyiniz kimi, 1981-ci ildə Azərbaycan tarixində rekord səviyyədə pambıq istehsal olunub – 831 min ton. Daha sonra isə pambıq istehsalının azalması müşahidə olunub. Müstəqillik qazandığımız il Azərbaycan 530 min ton pambıq istehsal edib, lakin sonradan istehsal azalıb. 2014-cü ildə bu rəqəm 40 min ton, 2015-ci ildə isə 35 min ton olub. Bu il isə 100 min ton pambıq istehsal edilməsi nəzərdə tutulub.

“Baramaçılığın inkişafı üçün meşəçiliyin inkişafı da vacibdir”

– Neft bumu dövründə Azərbaycanda praktiki olaraq ənənəvi sektorlar diqqətdən kənarda qalıb. Baramaçılıq Azərbaycan üçün ənənəvidir. Lakin bu sahənin inkişafı zaman tələb edir. Baramaçılığın inkişafı üçün meşəçiliyin inkişafı da vacibdir. Tut ağaclarının yenidən bərpa edilməsinə ehtiyac var ki, baramaçılıq üçün istifadə oluna bilsin. Ona görə də böyükmiqyaslı baramaçılığı qısa zamanda bərpa etmək mümkün deyil. SSR dağıldıqdan sonra tut bağlarının böyük əksəriyyəti məhv edilib. Bu isə baramaçılığın qısa zamanda bərpasına imkan vermir.

– Azərbaycanda üzümçülüyün inkişafı vacibdir. Əslində, üzümçülüyün baramaçılıqla müqayisədə qısa zamanda bərpa edilməsi və inkişafı mümkündür. Son illər şərabçılığın inkişafı ilə bağlı olaraq üzüm bağlarının sayında artım var ki, bu da birmənalı şəkildə imkan yaradır ki, keyfiyyətli, dünya bazarına çıxarıla biləcək üzüm istehsal edilsin. Bu həm də şərabçılıq üçün xammal olacaq. Azərbaycanın alkoqollu məhsullarının bazarı var – tək Rusiya deyil, artıq Avropa bazarına da çıxır.

Üzümçülüyün inkişaf etdirilməsi həm üzümün xammal formasında daxili və xarici bazara çıxarılmasına imkan verə bilər, həm də şərabçılıqda istifadə edilərək, dünya bazarına çıxarılmasına şərait yarada bilər.

– Aqrar sektorda tərəvəzçiliyin də dəstəklənməsi vacibdir. Bakıətrafı kəndlərdə keçmiş SSR dövründə tərəvəzçilik inkişaf etmiş sektorlardan idi. Baramaçılıq, pambıqçılıq, hətta tütünçülüklə müqayisədə tərəvəz sektoru müstəqillik illərində qorunub saxlandı. Bu da onunla bağlıdır ki, bu sektorun daxili bazarla yanaşı, Rusiya bazarı da var idi. Hazırda tərəvəz istehsalının inkişaf etdirilməsinə də diqqət artırılmalıdır. Azərbaycan öz tələbatından 20 faiz artıq meyvə istehsal edir, lakin tərəvəzçilik üzrə bunu demək mümkün deyil. Tərəvəzçilik qısa zamanda ölkəyə valyutanın daxil olmasına imkan yarada bilər. Azərbaycan tərəvəzlərinin bazarı var. Bu bazar Rusiya və MDB bazarıdır. Bizim məhsulların artıq yaxın Şərq bazarına və Avropaya çıxış imkanları var. Yaxın Şərq bazarına Azərbaycan meyvələrinin çıxış imkanları kifayət qədər genişdir və bundan istifadə edib meyvəçiliyin inkişafının stimullaşdırılmasına və dəstəklənməsinə diqqət artırılmalıdır.

– Aqrar sektorda kifayət qədər spektrlər, istiqamətlər var ki, Azərbaycan həmin istiqamətlər üzrə müqayisəli üstünlüyə malikdir. Həmin sahələrin inkişaf etdirilməsi həm daxili bazarın qorunması, daxili bazara çıxarılan məhsulların həcminin artırılması, həm də təbii ki, ixracın artırılması baxımından lazımdır. Bu mənada təbii ki, aqrar sektorun dəstəklənməsi və inkişafı olduqca vacibdir. Amma qeyri-neft sektoru təbii ki, yalnız aqrar sektorla tamamlanmır, eyni zamanda digər sektorlarda da Azərbaycanda müqayisəli üstünlük var. Ağır maşınqayırma, kimya sənayəsi, yüngül sənaye və s. sektorlarda Azərbaycan müqayisəli üstünlüyə malikdir.

– Bu gün Azərbaycan geyim məhsullarına olan tələbin ödənilməsində birbaşa xarici bazardan asılıdır. Yüngül sənayenin, trikotaj sənayesinin inkişaf etdirilməsi bu sahədə idxaldan asılılığın aradan qaldırılmasına imkan verə bilər. Təbii ki, gələcəkdə ixrac məhsullarının həcmini artırmaqla ölkəyə valyuta axınına nail olmaq mümkündür. Digər tərəfdən kimya və ağır maşınqayırma sahəsində müqayisəli üstünlük var. Kimya məhsullarını yalnız MDB deyil, hətta digər ölkələrə ixrac edilmək imkanına malikdir.

– Bir sıra inşaat materialları üzrə Azərbaycanda istehsal olunan məhsulların ixrac imkanları genişdir. Biz qeyri-neft sektoruna diqqət yetirsək, görərik ki, kifayət qədər istiqamətlər var ki, Azərbaycan həmin sahələri nikişaf etdirməklə birmənalı şəkildə həm ixrac qabiliyyətini artıra, həm də idxaldan asılılığı aradan qaldıra bilər. Bu da təbii ki, məşğulluq baxımından vacibdir. Nəticədə bütün bunlar yeni iş yerlərinin yaradılmasına və məşğulluğun təmin edilməsinə müsbət təsirini göstərər.

Nicat İsmayılov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin