“Çox binaların sakinləri bunu bilmirlər – ayrı-ayrı xətt çəkiləndə istiliyə mənfi təsir edir”

0
otopleniya-istilik

Elektrik enerjisinin və mavi yanacağın qiymət artımından sonra əsas diqqət mənzillərin mərkəzləşdirilmiş istilik sistemləri ilə qızdırılmasına yönəlib. Lakin evinə istilik sistemi çəkdirib “oxu daşa dəyən”lər də az deyil. Belə ki, bütün binalarda mənzillərə çəkilən istilik sistemi eyni effekti vermir. Bəs bunun səbəbi nədir?

Əvvəlcə ondan başlayaq ki, əgər mənzilinizdə istilik sistemi yoxdursa, xəttin bərpası üçün bir xeyli xərc çəkməlisimiz – ən yaxşı halda usta və material pulu ilə birgə 400 manat. Lakin mənzilə istilik xəttinin çəkdirilməsi hələ hər şey demək deyil. Belə ki, evini mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırıb bundan tam razı qalanlar da var, evini qızdıra bilməyənlər də. Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib. Rafiq Əliyev bəzi binalarda istilik sisteminin mənzilləri yaxşı qızdırmamasının səbəblərindən biri kimi vahid xəttən istifadə edilməməsini göstərib: “Əslində hər bir binaya əsas istilik xətti daxil olur, orada kollektor qoyulur və paylanılır. Köhnə layihə ilə mənzillərdən düşən əsas boruların hamısı üçün vintillər qoyulur. Mənzillərdə istilik xətti bərpa olunduqca həmin vintillərə birləşdirilir və dövriyyəyə alınır. Çox binalarda biz belə bir problem müşahidə edirik: deyək ki, 1-ci mərtəbədə yaşayan ailə mənzildaxili istilik xəttini bərpa eləyir və qonşularına da təklif edir. Yəni 2-ci, 3-cü mərtəbədə yaşayan sakinlərə deyir ki, gəlin, siz də qoşulun istilik xəttini bərpa eləyək, amma bəziləri razı olmurlar. Kimisi evini kirayə verir, kimisinin imkanı yoxdur, kimisi evinə kombi qoyur və s. Bu halda birinci mərtəbədə yaşayan mənzil sahibi aşağı paylamadakı istilik xəttindən öz mənzilinə dövriyyə verir və endirir aşağı. Xeyli vaxt keçəndən sonra 2-ci mərtəbədə yaşayan mənzil sahibi görür ki, alt qonşusu mərkəzi istilik sistemindən istifadə eləyir, evi də kifayət qədər istidir, ancaq özü ayda elektrik enerjisinə 100 manat pul verir. Bu zaman həmin mənzili sahibi anlayır ki, əslində səhv eləyib, mərkəzi istilik sisteminə qoşulmaq daha sərfəli imiş. Eyni işi həmin ailə görmək istəyəndə bu zaman 1-ci mərtəbədə yaşayan ailə razı olmur, deyir vaxtında demişdim ki, gəl, birlikdə şərikli istilik xətti çəkdirək. İkinci mərtəbədə yaşayan sakin də məcbur qalır və zirzəmidəki əsas istilik xəttinə başqa bir yerdən qoşulur, xətti qaldırır yuxarı. Bax, sizin sualınızın cavabı budur. Mən bunu bir qədər obrazlı şəkildə izah eləməyə çalışdım”.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisinin sözlərinə görə, halbuki sakinlər hamısı birləşib eyni vaxtda istilik xəttini vahid şəkildə bərpa eləsələr, həm maddi cəhətdən özlərinə sərfəli olar, həm də istilik sistemindəki dövriyyə mənzillərin hamısında düz alınar: “Hər mənzil bir xətt çəkdirəndə görürsən ki, istiliyə də təsir eləyir. Çox binaların sakinləri bunu bilmirlər. Elə deyirlər ki, istilik zəifdir. Ayrı-ayrı xətt çəkdirilməsi evdəki istiliyə əlbəttə, təsir edir. Məsələn, 1-ci mərtəbədə yaşayanların evləri normal şəkildə qızır, dövriyyələri də yaxşıdır, ancaq yuxarı mərtəbələrə qalxdıqca istilik azalır. Hərə bir xətt qaldıranda yuxarı mərtəbələrdəki mənzillərə istilik zəif gedir çıxır”.

Bəs bu kimi hallara hansı qurum nəzarət etməlidir? Suala Rafiq Əliyevin cavabı belə oldu: “Əgər kooperativ binadırsa, mülkiyyətçisi ona nəzarət eləməlidir. Dövlət binalarında qanuna əsasən, mülkiyyətçi Mənzil Kommunal İstismar Sahəsidir. Ancaq hələ mən görməmişəm ki, “JEK” deyilən qurum hansısa binanın zirzəmisindəki vəziyyətə müdaxilə edə, deyə ki, yox, bu xətti buradan çəkməyin, başqa yerdə çəkin. Aşağı paylamaları investisiya proqramına düşəndə “Azəristiliktəchizat” eləyir, vintilləri qoyuruq. Amma ümumilikdə deyim ki, hansısa bir qurum var, bu vəziyyətə nəzarət eləyir, doğru olmaz. Bizim qurumdan başqa ora müdaxilə edən yoxdur. Hansı ki, heç bizim işimiz deyil, bizim mülkiyyətimiz deyil. Binaların girişində bizim sərhədimiz var. Amma vəziyyət elədir ki, bizim qurumdan başqa ora nəzarət eləyən qurum yoxdur. Vətəndaşlar müraciət eləyib deyəndə ki, binamızın zirzəmisində qeyri-qanuni qoşulma var, işçilərə deyirəm kəsin, hamısını məcbur eləyin bir xətt qalxsın ki, mənzillərin hər birində normal, eyni paylanma getsin”.

Nicat İsmayılov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin